Bu gün əfqan seçicilər Taliban rejiminin devrilməsindən sonra ölkə tarixində ikinci prezident seçkilərində səs verir. Səsvermə Taliban təhlükəsi və ciddi təhlükəsizlik tədbirləri altında keçirilir. Paytaxt Kabil daxil edilməklə, seçici fəallığının yüksək olmadığı bildirilir. Belə ki, şəhərdə partlayış səsləri eşidilir. Polislə bir qrup silahlı şəxs arasında atəş mübadiləsi olub. Kabildə intiharçı gödəkcəsi geymiş iki nəfər polis tərəfindən öldürülüb. Rəsmilərin səsvermə prosesinin ümumiyyətlə sakit keçdiyini deməsinə baxmayaraq, bəzi ucqar bölgələrdə yaraqlılar səsvermə məntəqələrinin açılmasına imkan verməyiblər. Bu gün səsvermədə iştirak edən prezident Həmid Karzay seçkilərin əfqan xalqına sülh və rifah gətirəcəyinə ümid bəslədiyini bildirib.