Avqustun 28-i Vaşinqtondakı Azərbaycan səfirliyinin binası önündə
Amerika Azərbaycanlıları Demokratiya Uğrunda təşkilatının təşəbbüsü ilə etiraz
aksiyası keçirilib. Bloggerlər Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz
əlaməti olaraq keçirilən nümayişdə 40-a yaxın insan iştirak edib. Amerikanın
səsinin verdiyi məlumata görə, iştirakçılar arasında Riçmond Universitetinin
məzunu olmuş Adnan Hacızadənin tələbə yoldaşları, Amerikadakı Azərbaycan
icmasının üzvləri və bir çox amerikalı olub. Vaşinqton vaxtı ilə saat 16-dan
18-dək davam edən nümayişə Sərhədsiz Reportyorlar təşkilatının Vaşinqton
təmsilçisi və bəzi mətbuat nümayəndələri qatılıb. Nümayişə Azərbaycanın dövlət
himni ilə başlayan etirazçılar "Emin və Adnana Azadlıq!",
"Ədalətsiz məhkəmələrə yox!", "Polis Ədalətsizliyinə yox!",
"Həbsdə olan jurnalistlərə azadlıq!" kimi şuarlar səsləndirib,
Azərbaycan və Amerika bayraqları dalğalandırıblar. Daha sonra söz alan
Sərhədsiz Rerortyorlar Təşkilatının nümayəndəsi Klotilda Lekoz təmsil etdiyi
qurum adından bəyanat oxuyub. Bəyanatda Azərbaycan hökuməti Adnan və Eminlə
yanaşı, digər jurnalistlərin də təcili azad edilməsinə çağırılıb. Klotilda
Lekoz Amerikanın səsinə bildirib ki, Emin və Adnanın həbsi Azərbaycanda ilk belə
hadisə deyil: "Bu, onların həbsinin siyasi motivli olduğunu göstərir".
Təşkilatçılardan Elmar Şahtaxtınski isə bu nümayişin başlıca məqsədinin
Azərbaycanda söz azadlığının boğulmasına qarşı etiraz bildirmək olduğunu deyib.
Piketin sonunda isə Azərbaycan səfirliyinə etirazçıların bəyanatı təqdim
olunub.