BMT-nin Baş Katibi Ban Ki Mun fələstinliləri Yaxın Şərq sülh danışıqlarının başlanması üçün birliyə səsləyib. O, Vyanada müxbirlərə deyib ki, fələstinlilərin birlik nümayiş etdirməsi böyük əhəmiyyət kəsb edir, və yalnız bu yolla Yaxın Şərq sülh danışıqlarını irəliyə aparmaq olar. Fələstinin Hamas militant qrupu prezident Mahmud Abbasa sadiq Fatah təşkilatına qarşı çıxış edir. Bu arada 90 minə yaxın fələstinli Qüdsdə cümə namazinda iştirak edib. İsrailin hərbi qüvvələri isə küçələrdə keşik çəkirlər. Hökumət 50 yaşından aşağı kişlərə və 45 yaşından az qadınlara Əl Aqsa məscidinə getməyi qadağan edib. Polis bildirir ki, təhlükəsizlik tədbirləri pozulmayıb. Lakin bundan öncə cümə namazı vaxtı Qüds zorakılıqlara səhnə olub.