Accessibility links

Türkiyə-Ermənistan anlaşmasına reaksiyalar müxtəlifdir


Türkiyə və Ermənistan İsveçrənin vasitəçiliyi ilə keçirilən danışıqlarda "Diplomatik münasibətlərin qurulması üzrə protokol" və "Ikitərəfli münasibətlərin inkişafı barədə protokol"un imzalanmasına dair "daxili siyasi məsləhətləşmələr"in başlanılması barədə razılıq əldə edib. Bu barədə Türkiyənin Xarici Işlər Nazirliyi məlumat yayıb.

Anlaşmada beş maddə yer alıb ki, bunlardan birincisi sərhədlərin açılmasını əhatə etdir. Türkiyə parlamentinin anlaşmanı ratifikasiya etməsindən iki ay sonra iki dövlət arasında sərhədlər açıla bilər. İkinci maddə xarici işlər naziriyi səviyyəsində əməkdaşlıq qrupunun formalaşdırılması, üçüncüsü hökumətlər-arası komissiyaların və alt komissiyalarının gələcək münasibətlərin strateji istiqamətini müəyyən etməsi, dördüncüsü hökumətlərarası komissiyaların ilk toplantısının təşkili, beşincisi isə 7 alt komissiyasınn təsis olunmasıdır ki, bunların funksiyaları Ermənistanla Türkiyə arasında ticarət və iqtisadi əməkdaşlıq kimi müxtəlif növ məsələləri əhatə edəcək.

Xatırladaq ki, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, və iki ölkə arasında sərhədlər 1992-ci ildən bağlıdır. Türkiyə xarici İşlər naziri Əhməd Davudoğlu bildirib ki, həm Qafqaz, həm də Yaxın Şərq regionunda sülh nümunəsi olan Türkiyə öz qonşuları ilə sərhəd problemi yaşaya bilməz. "Qafqazda sülhün əldə olunmasında iştirak Türkiyənin şəxsi təşəbbüsüdür, xarici təzyiqlərin nəticəsi deyil”.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarının işğalından qazanması ilə bağlı səsləndirilən fikirlər də səhvdir. "Çoxları düşünür ki, Ermənistan Azərbaycanın torpaqlarının işğalı ilə nə isə qazanıb, lakin bu, belə deyil. Ermənistan günbəgün yoxsullaşır, erməni xalqı ölkəni tərk edir. Ermənistan Azərbaycan torpaqlarını işğalda saxladığı müddətcə yoxsullaşmaqda davam edəcək. Buna görə də Qafqazda yaranan vəziyyət nə Türkiyə, nə Ermənistan, nə də Azərbaycana sərfəlidir", - deyə o bildirib.

Türkiyə müxalifət liderlərinin son razılaşmaya reaksiyası isə bir qədər fərqlidir. Cümhuriyyət Xalqçı Partiyasının başqan müavini Onur Öymen baş nazir Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfəri zamanı sərhədlərin açılmayacağı barədə verdiyi vədə xilaf çıxdığını və Türkiyənin əvəzsiz güzəştə getiyini bildirib.
Milliyetçi Hərəkat partiyasının başqan müavini Osman Çakır isə Ermənistanın uzun müddət Türkiyəyə qarşı düşmənçilik siyasəti yürütdüyünü vurğulayaraq son razılaşmanın Ankaranın marqlarına ziyan vuracağı qənaətində olduğunu deyir.

Rəsmi Vaşinqton, rəsmi Paris və Avropa Şurası Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərə dair razılaşmanı alqışlayır. ABŞ Dövlət Departamentinin mətbuat katibi Yan Kelli bildirib ki, Vaşinqton həmişə Türkiyə-Ermənistan münasibətlərinin şərtsiz və müəyyən zaman çərçivəsində normallaşmasının tərəfdarı olub. Fransa Prezident Administrasiyasının mətbuat xidməti də Türkiyə və Ermənistanı təbrik edib. Fransa prezidenti Nikola Sarkozi iki ölkə arasında əlaqələrin normallaşmasının bölgədəki sabitliyə yardım edən tarixi bir hadisə olacağını vurğulayıb.

Avropa Şurası Baş Katibinin səlahiyyətlərinin icraçısı Mod de Bur-Bukikkionun bəyanatında deyilir ki, Avropa Şurası iki üzv dövləti arasında münasibətləri normallaşdırmağa kömək edəcək. “Eyni zamanda, hər iki ölkəni Avropanın bu hissəsində sabitliyi inkişaf etdirməyə kömək edəcək səylərini davam etdirməyə həvəsləndirirəm,” deyə xanım Bur-Bukikkio qeyd edib.

Ötən həftənin sonlarında Türkiyə baş naziri ilə Azərbaycan prezidenti arasında telefon danışığı olub. Bundan sonra, Türkiyə Xarici İşlər nazirliyinin iki yüksək vəzifəli nümayəndəsi Bakıda səfərdə olub. Onlar baş nazir Erdoğanın tapşırığı ilə Azərbaycan dövlət başçısı İlham Əliyevə Ankaranın Ermənistanla münasibətləri normallaşdırmaq planları barədə məlumat verib.
XS
SM
MD
LG