Sincanda etnik gərginliyə səbəb olan qanlı etiraz aksiyalarından sonra Çin liderləri Urumçi şəhər Kommunist Partiyası sədrini və yerli polis rəisini vəzifəsindən azad edib. Sinxua xəbər agentliyi partiya sədri Li Ci və regional ictimai təhlükəsizlik idarəsinin rəhbəri Liu Yaonun işdən azad edilmə səbəblərini açıqlamayıb. Bu həftə əsasən han çinliləri olmaqla minlərlə nümayişçi Urumçidə yenidən etiraz aksiyası keçirib. Onlar habelə iyul ayında müsəlman uyğurlarla han çinləri arasında baş vermiş, 200-dən çox adamın ölümü ilə nəticələnmiş qarşıdurmalara görə məsuliyyət daşıyanların çox ləng cəzalandırılmasına etiraz edir. Rəsmilərin verdiyi məlumata görə, cümə axşamı nümayişlər zamanı beş nəfər həlak olub.