Türkiyənin dövlətə məxsus “Anadolu” xəbər agentliyinin məlumatına görə, İstanbulun bəzi hissələrinin daşqınların təsirinə məruz qalması nəticəsində bu gün 14 nəfər həlak olub. “Anadolu” agentliyi bildirir ki, 7 cəsəd İkitelli rayonunda yük maşınları dayanacağında, digər 7 qadın cəsədi isə Halkalidakı tekstil fabrikində aşkar edilib. Şiddətli yağışlar nəticəsində yaranmış 1 metr hündürlüyündəki daşqanlar sürücüləri maşınlarının üzərinə çıxaraq yardım gözləməyə vadar edib. Şəhərin əsas magistralları, o cümlədən şəhəri beynəlxalq aeroportla birləşdirən şosse yararsız hala düşüb. Ümumiyyətlə bazar ertəsindən bəri Türkiyənin şimal-qərbində 28 nəfər həlak olub. Meteoroloqlar deyir ki, bu, şəhərdə son 80 ilin ən şiddətli yağışıdır.