İran rəsmiləri ABŞ və digər qüdrətli dövlətlərin Tehranın yeni danışıqlar təklifini qəbul etməsini alqışlasa da bildirirlər ki, İran mübahisəli nüvə proqramının müzakirəsini rədd etmək fikrindən geri dönməyəcək. Bu gün Tehranda mətbuat konfransı zamanı ölkənin xarici işlər naziri Manuçehr Möttəki Qərblə danşıqların mümkünlüyünü müsbət qarşılayıb, ancaq o deyib ki, İran “toxunulmaz hüququ” üzərində güzəştə getməyəcək. İran sentyabrın 10-da təqdim etdiyi təklif paketində Qərblə hərtərəfli danışıqlara başlamaq və düşmənçiliyə son qoymaq çağırışlarında nüvə proqramını qeyd etmir. Dünən isə ABŞ Dövlət Departamentinin sözçüsü deyib ki, o, təkliflər paketini ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya ilə müzakirə edəndən sonra təcili olaraq İranın nüvə məsələləri üzrə nümayəndəsi ilə görüşməyə çalışacaq.