Accessibility links

Dəyirmi Masa: İranda siyasi vəziyyət və azərbaycanlılar


İranda daxili siyasi vəziyyət gərginləşməkdə davam edir. İranın qüdrətli mötədil siyasətçisi hesab edilən Ayətulla Əli Əkbər Rəfsəncani Tehranda ənənəvi Qüds Günü ibadət mərasiminə rəhbərlikdən uzaqlaşdırılıb. Əvəzində xütbəni İran prezidenti Mahmud Əhmədinejad və onun siyasi müttəfiqi sərt xətt tərəfdarı Ayətulla Əhməd Xatəmi verəcək. Bu arada Qərb dövlətləri atom bombasına can atması ehtimal edilən İran hökumətini tutduğu kursdan çəkindirməyə çalışırlar. İslam Respublikasındakı situasiyanı müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi və əməkdaşımız İnsafəli Hidayəti dəvət etdik.

İnsafəli Hidayətin fikrincə Qüds Günü ibadət mərasimlərinə rəhbərliyin cənab Rəfsəncanidən alınması siyasi qarşıdurmanın şiddətlənməsindən xəbər verir. Onun sözlərinə görə Mahmud Əhmədinejad son həbslərin ardınca müxalifəti tamamilə susdurmağa və siyasi prosesdən kənarlaşdırmağa can atır. Əgər müxalifət bu toqquşmaları uduzmaqda davam etsə onda sərt xətt yönümlü qüvvələr hakimiyyəti möhkəmləndirməyə nail olacaq. Lakin mümkündür ki, müxalifətin sistematik müqaviməti öz nəticəsini vermiş olsun. Cənab Hidayət həmçinin İran Azərbaycanında proseslərin diqqətlə izlənildiyi və son günlərdə azərbaycanlılara qarşı basqıların artdığını, milli fəalların həbs olunduğunu qeyd etdi.

Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi İranda cərəyan edən siyasi çəkişmələrin azərbaycanlıların milli mübarizəsinə təsir göstərmədiyini bildirdi. Onun fikrincə İran Azərbaycanında milli özünüdərk son illərdə sürətlə inkişaf edib və bir çox azərbaycanlı Tehranda baş verən dəyişikliyin onların həyatına ciddi təsir göstərməyəcəyi qənaətindədirlər. Tarixdə bir neçə dəfə baş verən hakimiyyət dəyişikliklərinin və inqilabların azərbaycanlıların milli maraqlarına xidmət etmədiyini qeyd edən cənab Təbrizi bildirdi ki, fəallar öz mübarizələrinin əsas diqqətini milli muxtariyyət hədəflərinə yönəldiblər. Bu baxımdan bir çox azərbaycanlı vaxtikən azərbaycanlıların hüquqlarını pozmuş və rejimə rəhbərlik etmiş Əli Əkbər Rəfsəncani və ya hər hansı bir başqa siyasətçinin mübarizəsində canlarını fəda etmək fikrində deyillər.

XS
SM
MD
LG