Accessibility links

Təhlil: Malayziyada İslam ekstremizmi artır


Malayziyaya uzun müddət mötədil və tolerant İslam dövlətinin nümunəsi kimi baxılıb. Lakin müsəlman fundamentalistlərin etiraz aksiyaları və İslam qanununun pozulması kimi dəyərləndirilən əməllərə görə sərt cəzaların tətbiqi həmin bu imici sual altına almaqdadır.

Nazaruddin Kamaruddin Malayziyada alkohollu içki içdiyinə görə şallaqlanmağa və həbsə məhkum edilən sonuncu müsəlmandır. Ona verilən cəza pivə içdiyinə görə Malayziyalı qadına verilən cəzanı hökumətin yenidən nəzərdən keçirmək haqda qərar verməsindən sonraya təsadüf edir. Həmin qərara əsasən İslam məhkəməsinin Kartika Sari Devi Suxarno adlı qadına verdiyi şallaqlanma cəzası təxirə salınıb. Bu, Malayziyada şallaqlanmaya məhkum edilmiş ilk qadındır.

İslam alkohollu içkiləri qadağan edir, lakin Malayziyanın 13 ştatından yalnız üçündə bu əmələ görə cəza düşür. Şallaqlanmanın icrasına göstərilən son səylər ölkə mötədillərini bu cəzaya son qoymaq üçün kampaniya başlatmağa vadar edib.

Malayziyanın 28 milyonluq əhalsinin 60 faizi müsəlmandır. Onlar Şəriət qanunları əsasında idarə olunduqları halda, çinlilər, hindlər və başqa azlıqlara dünyəvi qanunlar şamil olunur. Malayziya müsəmanlarının əksəriyyəti mötədildir, lakin son vaxtlar dindar partiyaların nüfuzu artıb. Və şəriət məhkəmələri mövqelərini daha da sərtləşdirib. Bunun nəticəsi olaraq hökumətin son əməlləri Malayziyanın mötədil imici ilə təzad təşkil edir.

Nik Lous Malayziyalı biznesmendir. O, deyir ki, dini fundamentalizm ABŞ da daxil olmaqla bir çox ölkələrdə siyasətə təsir göstərib. Onun sözlərinə görə gənc demokratiya olaraq Malayziya plüralist cəmiyyətin yaradılması yönümündə tərəqqi əldə edib: “Lakin əgər Malayziya irəliyə doğru getmək istəyirsə onda bu fundamentalistlərlə üzləşməlidir. Təəssüf edirəm ki, kiçik bir azlıq Malayziyanın nüfuzuna belə xələl gətirir.”

Malayziyada siyasi analistlər ölkənin mühafizəkar müsəlmanları ilə mötədillər arasında ixtilaf görürlər. Bu münaqişə özlərinə təhlükə hiss edən azlıqları qorxudur. Bu yaxınlarda bir neçə qeyri-müsəlman şəriət məhkəmələrinin onlara qarşı ayrıseçkilik nümayiş etdirməsindən şikayətlənib.

Bu yaxınlarda 50-ə yaxın qəzəbli müsəlman hind məbədinin müsəlman məhəlləsinə köçürülməsinə etiraz edərək kəsilmiş qanlı inək başını Selanqor inzibati hökumət idarəsi qarşısına gətirərək onu tapdalayıblar.

Ansari Abdula müxalifətdə olan PKR partiyasının rəsmisidir: “Bu adamlar hindlilərin müqəddəs hesab etdiyi inəyin kəsilmiş başəını küçədə para şəklində gəzdirməyə icazə veriblər və polis məsələyə müdaxilə etməyib. Bu təəccüblü bir şeydir,” deyə o, söyləyir.

Abdulanın fikirləri ilə müstəqil ombudsman Patrik Sindu da razılaşır. O, İslamçı ekstremistlərin başqlarını qorxutmaqla özlərinə tabe etməsi cəhdindən dərin narahatlıq keçirir. Onun sözlərinə görə bir çox qeyri-müsəlmanlar artıq çıxış yolunu ABŞ, Avstraliya, Kanada və ya Avropya mühacirət etməkdə görür. Ailəsində həm katoliklərin həm də müsəlmanların olduğu baba kimi Patrik Sindu hesab edir ki, mədrəsələr mötədil İslam təşviq etməli və insanlar öz torpaqlarına və ailələrinə olan bağlılığa diqqət yetirməlidirlər.

XS
SM
MD
LG