Accessibility links

Dəyirmi Masa: Türkdilli dövlətlər arasında münasibətlər


Bu həftə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birinci plenar iclası keçirildi. Yığıncaqda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin sədrləri iştirak etdilər. Sovet İttifaqının dağılmasının ardınca Orta Asiya dövlətləri və Azərbaycanın müstəqillik əldə etməsi türkdilli dövlətlərin əməkdaşlıq perspektivini gündəmə gətirib. Bəs bu əməkdaşlığın durumu nə yerdədir? Təmaslar istənilən səviyyədədirmi? Türkdilli dövlətlər arasındakı münasibətləri müzakirə etmək üçün dəyirmi masa söhbətimizə Türkdilli Ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənli və TÜRKSAM Strateji Araşdırmalar mərkəzinin rəhbəri Sinan Oğanı dəvət etdik.

TÜRKPA-nın yaradılma tarixi və məramları haqda məlumat verən Ramil Həsənli toplantıdan öncəki illərdə qurumun yaradılması yönümündə göstərilən səylərdən bəhs etdi. Onun sözlərinə görə türk dövlətlərini birləşdirən maraqlar ətrafında qurumun yaradılması ideyası 2000-ci illərin ortalarında təşəkkül tapdı. Bu dövlətlərin əməkdaşlığı və beynəlxalq forumlarda birgə mövqedən çıxış etmək ehtiyacı Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan rəhbərlikləri tərəfindən tanındı. Quruma Özbəkistan və Türkmənistanın qatılmamasına toxunan cənab Həsənli bu dövlətləri TÜRKPA-ya cəlb etmək üçün əlavə səylərin göstəriləcəyini bildirdi. Təşkilatın baş katibi bildirdi ki, dünyanın bir çox regionlarında ümumi maraqlar bölüşən dövlətlərin bir araya gəlməsi təbii haldır və türkdilli dövlətlərin öz siyasətlərini müəyyən çərçivədə koordinaiysa etməsi hamının maraqlarına xidmət edir.

TÜRKSAM Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan təşkilatın yaranmasından sevinc duyduğunu bildirdi. Onun sözlərinə görə hələ Sovet İttifaqı dağılanda türk dövlətlərinin sıx əməkdaşlığı gündəmdə duran başlıca məsələlərdən idi. Lakin sonradan “21-ci əsrin türk əsri olacağı” və Turançılıq ideyası haqda deyilənlər belə bir yanlış təsəvvürə yol açdı ki, bu dövlətlərin birgə məramlardan çıxış etməsi üçüncü tərəfə qarşı yönələ bilər. Bu üzdən də bir çox türkdilli dövlətlər uzun müddət öz münasibətlərini vahid qurum çərçivəsində müəyyənləşdirməkdən çəkindilər. Cənab Oğanın sözlərinə görə TÜRKPA-nın perspektivləri parlaqdır və öz səylərini düzgün istiqamətdə formalaşdıracağı təqdirdə bu təşkilat böyük uğurlara nail ola biləcək.
XS
SM
MD
LG