Accessibility links

Dəyirmi Masa: Azərbaycan və Ermənistan prezidentlərinin təmasları


Bu gün Moldovanın Kişinyov şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Bəzi ekspertlər bu təması Dağlıq Qarabağ münaqişəsinin çözülməsini yönümündə müəyyən irliləyiş kimi dəyərləndirirlər. Ermənistanla münasibətləri normallaşdırmağa can atan Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu da görüşə ümidlə baxdığını izhar edib. Dağlıq Qarabağ danışıqlarının gedişatı və Türkiyə-Ermənistan yaxınlaşmasını müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə politoloqlar Qabil Hüseynli və Rəşad Şirini dəvət etdik.

Danışıqların ciddi əhəmiyyət kəsb etdiyini deyən Qabil Hüseynli təmasların hazırkı raundunda işğal edilmiş ərazilərdən erməni qüvvələrinin çıxarılması və Dağlıq Qarabağın hüquqi statusunun müzakirə oldunduğunu söylədi. Onun sözlərinə görə bu mövzuda danışqılar artıq bir müddətdir ki, davam edir və güman edilir ki, prezidentlər şəxsi təmaslarında çərçivə prinsiplərinin razılaşdırılması istiqamətində tərəqqi əldə edirlər. Politiloq Rəşad Şirin də çərçivə razılığı üzərində iş getdiyini deyərək prezidentlərin son vaxtlar qısa intervallarla görüşdüyünü və təmasların intensivləşməsini önə çəkdi. Onun sözlərinə görə bir çox münaqişələr kimi Dağlıq Qarabağ münaqişəsinin dinamikasında da mərhələli inkişaf hiss olunur. Və belə görünür ki, hazırkı məqamda münaqişənin həlli vaxtı yetişmək üzrədir.

Dağlıq Qarabağ münaqişəsinin çözülməsi barədə nikbinliyə Rusiyanın mövqeyindəki dəyişikliyin də əsas verdiyini vurğulayan Qabil Hüseynli söylədi ki, uzun müddət Moskva münaqişənin dondurulmasında maraqlı olub. Lakin son bir neçə ay ərzində Rusiyanın Azərbaycanla qaz ticarəti və başqa geo-siyasi məsələlərdə anlaşması, eyni zamanda Türkiyə ilə münasibətlərin istiləşməsi könülsüz də olsa Rusiyada uzun müddət regionu iflic etmiş münaqişəni sona yetirmək qənaətinə gətirib. Türkiyə-Ermənistan yaxınlaşmasına gəldikdə ekspert Rəşad Şirin bu strateji xəttin artıq bir neçə ildir ki, müşahidə olunduğunu bildirdi. Onun sözlərinə görə Türkiyə Cənubi Qafqaz regionunda nüfuzunu artırmağa və mövqelərini möhkəmləndirməyə çalışır. Bu xüsusda Ankara Ermənistanla münasibətlərin normallaşdırılmasını zəruri hesab edir.

XS
SM
MD
LG