Bakıda ATƏT, Azərbaycanın Enerji və Sənaye nazirliyi və Avropa İttifaqının “Azərbaycanın enerji sektorunda struktur islahatları və qanunların uyğunlaşdırılması” layihəsinin dəstəyi ilə “Bərpa olunan enerji: beynəlxalq təcrübə və Azərbaycanın inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans açılıb. İki gülük forumda bərpa olunan enerji sahəsində beynəlxalq təcrübəyə əsaslanacaq Azərbaycan qanunvericiliyinin yaradılması, xarici və yerli investisiyaların cəlbi ilə bağlı məsələlər müzakirə edilib.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirib ki, bərpa olunan enerji məsələsinin dünyanın enerji istehsalçısı olan ölkəsində müzakirəsi çox önəmlidir. “Bu müzakirələr ATƏT ölkələri üçün də maraq kəsb edir. Çünki bərpa olunan enerji üzv ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayır”.
O Azərbaycan hökumətinin tükənən enerji ehtiyatlarından sonrakı dövr üçün təhlükəsizliyinin təminatına hazırlaşdığını diqqətə çatdırıb. “Bir çox ölkələr artıq külək və günəş enerjisindən istifadəyə başlayıb. Azərbaycan hökuməti də bu sahədə 2009-2013-cü illər üçün dövlət proqramı qəbul edib və Bərpa Olunan Enerji Agentliyi yaradıb. Bu istiqamət ölkədə iqtisadi inkişafa və yeni iş yerlərinin açılmasına təkan verəcək. Beynəlxalq təcrübə göstərir ki, yaxşı və şəffaf hüquqi baza enerji təhlükəsizliyində mühüm rol oynayır”.
Azərbaycanın Enerji və Sənaye nazirinin müavini Gülməmməd Cavadov Azərbaycanın Avropa qurumları ilə əməkdaşlıq çərçivəsində işlədiyini bildirib. Onun fikrincə, ölkədə bu sahədə yerli və xarici investorlar üçün şəffaf və beynəlxalq praktikaya uyğun hüquqi vəziyyət yaradılıb.
Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin nümayəndəsi Andreas Obersteller bildirib ki, bu gün alternativ enerji sahəsində Almaniya ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında təcrübə mübadiləsini nəzərdə tutan Memorandum imzalayacaq. “Bu sənəd Azərbaycan mütəxəssislərinə Almaniyada bərpa olunan enerjinin tətbiqi və idarə olunması üzrə menecer kursları keçməyə imkan verəcək”, - deyə o qeyd edib.
Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Muxtar Babayev isə Dövlət Neft Şirkətinin artıq dənizdə yerləşən neftqazçıxarma idarələrinin ərazisində və quruda alternativ enerjidən istifadə ilə bağlı layihənin icrasına başladığını deyib. “Orada külək, günəş enerjisindən və torpağın istiliyindən istifadə olunacaq. 2010-cu ildə Zeynalabdin Tağıyev adına Neftqazçıxarma idarəsinin ərazisində alternativ enerji sahəsində görülən işlərin ilk nəticələr olacaq”.
Yeri gəlmişkən bildirək ki, Avropanın məşhur VESTAS şirkəti Bakıdan 40 km şimalda üç külək qurğusu quraşdırıb.