Accessibility links

Bakıda TÜRKSOY-un toplantısı keçirilir 



Bakıda TÜRKSOY Daimi Şurasının XXVI Toplantısı açılıb. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başqırdıstan, Tatarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Qaqauz Yeri Muxtariyyəti iştirak edir.
Forumda təşkilatın maliyyə fəaliyyəti və 2010-cu il üçün fəaliyyət Proqramı müzakirə edilir.
TÜRKSOY Daimi Şurasının Müvəqqəti Koordinatoru, Azərbaycanın Mədəniyyət və Turizmi naziri Əbülfəs Qarayev türk xalqlarının mədəni əlaqələrinin inkişafında təşkilatın mühüm əhəmiyyətini qeyd edib. “TÜRKSOY Avrasiyanın türkdilli arealı çərçivəsində milli dil, tarix, mənəvi irs, müasir mədəniyyət və incəsənət yaxınlığı ilə birləşən ölkə və xalqların mədəni əməkdaşlığını həyata keçirir”.
Nazir oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən Zirvə görüşünün təşkilatın qarşısında yeni vəzivələr qoyduğunu bildirib.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov deyib ki, Türkdilli dövlət rəhbərlərinin oktyabrın 3-dəqəbul etdiyi Naxçıvan Deklarasiyası yeni dövr üçün təşkilatın vəzifələrini müəyyən edib.
O hesabat dövründə Ankarada TÜRKSOY-un 15 illiyinə həsr olunmuş yubiley tədbirləri, İstanbul, Ankara, Nide, Manisa şəhərlərində Novruz bayramının qeyd edildiyini bildirib. “Ötən il ərzində TÜRKSOY rəssam və fotoqraflarının Laboratoriyaları, İstanbulda “Türk dillərinin bədii tərcüməsinin problemləri və müasir vəziyyəti”, Almatıda “Sivilizasiyaların dialoqunda Türk dünyasının rolu” adlı Simpoziumlar, Elazığda 17-ci beynəlxalq “Xəzər axşamları”, Qaramanda türk dilinin 732 illiyi, Mərsin, Girn, İstanbul şəhərlərində “Qız-Jibek” əfsanəsinin 500 illiyinə həsr olunmuş XXII TÜRKSOY Opera günləri keçirilib. İstanbulda Tatarıstan və Başqırdıstanın mədəni mərkəzləri açılıb və Sabantuy qeyd edilib, Ankarada “Xan Mirqen” qədim Xakasiya eposu kitabının, Abakan və İstanbulda “Başqırd şəcərəsi”nin təqdimatı, teatr, kino, ənənəvi musiqi festivalları keçirilib. Eyni zamanda, sentyabrda Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində TÜRKSOY-un beynəlxalq layihəsi - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Başqırdıstan və Tatarıstanın opera teatrları solistlərinin iştirakı ilə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Koroğlu” Operasının tamaşaya qoyulması böyük müvəffəqiyyətlə həyata keçirilib”.
Baş direktor TÜRKSOY-un YUNESKO, İSESKO, Avropa Şurası, Avrokomissiya, MDB və digər beynəlxalq təşkilatlarla birgə beynəlxalq tədbirlər həyata keçirdiyini də deyib. “30 sentyabr 2009-cu ildə Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilib. 2010-cu ildə TÜRKSOY Novruz bayramını Parisdə, YUNESKO-nun qərargahında qeyd etməyi planlaşdırır. Bununla yanaşı, 2010-cu ildə Azərbaycanda Türk xalqlarının mədəniyyətini birləşdirəcək Fond, Qazaxıstanda isə Türk Xalqları Akademiyası qurulacaq”, - deyə o qeyd edib.
Bakıda hər il keçirilən “Şərq-Qərb” kino festivalı daxilində Türk xalqlarının kinolarının nümayişi də olacaq. Bu barədə Azərbaycan prezidenti təşəbbüslə çıxış edib. Festivalın rəhbəri, Oskar mükafatı laureatı Rüstəm İbrahimbəyov “Amerikanın səsi” radiosuna bildirib ki, gələn ildən festivalda əsas pavilyonu türk xalqlarının filmləri tutacaq.
Türkiyə Mədəniyyət nazirinin müavini Kamal Fəxirgənc türk dünyasının dünya mədəniyyətinin inkişafında rolunun ilbəil artdığını diqqətə çatdırıb. “Artıq Türk ölkələrinin paytaxtları dünyanın mədəniyyət mərkəzləri kimi gündəlikdədir. Bu il Bakı İslam ölkələrinin mədəniyyət paytaxtı elan edilib, 2010-cu ildə isə İstanbul Avropanın mədəniyyət paytaxtı olacaq”.
Nazir müavini eyni zamanda, TÜRKSOY-un gələcəkdə digər türk xalqlarının mədəniyyətlərinin inkişafında da mühüm yerini qeyd edib. O “Amerikanın səsi” radiosuna deyib ki, siyasi razılıq olarsa balkan, kərkük və uyğur türkləri də təşkilatda təmsil oluna bilər.

XS
SM
MD
LG