Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu gün keçirilən iclasında sosial-qtisadi inkişaf, Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycan qazı barədə Türkiyə ilə aparılan danışıqlara toxunulub.
Dövlət başçısı Azərbaycanın müharibə vəziyyətində yaşadığını xatırladıb və bu səbəbdən də hərbi potensialını gücləndirdiyini deyib. “Azərbaycan Ordusu regionda ən güclü ordudur, ən böyük hərbi potensiala malikdir. Biz bundan sonra da bu potensialı daha da artırmalıyıq. Çünki, biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ danışıqları əfsuslar olsun, hələ ki, heç bir nəticə vermir”.
O danışıqların nəticə verməməsində Ermənistanı günahlandırıb. “Bunun da yeganə səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Ermənistan tərəfi danışıqlar prosesində indi vaxt uzatmaq taktikasını tətbiq edir. Bu, yenilik deyildir. Danışıqların müxtəlif mərhələlərində biz bunu görmüşük. Müəyyən həlledici məqamlarda onlar daha əvvəl razılaşdırılmış məsələləri bir daha müzakirəyə çıxarmaq istəyirlər. Bu, əvvəllər də olub, əfsuslar ki, biz bunu bu mərhələdə də görürük. Bəzi hallarda həm biz, həm də məsələ ilə məşğul olan vasitəçilər bunu çox böyük təəccüblə qarşılayırıq ki, bir il, ya üç il bundan əvvəl razılaşdırılmış məsələ yenidən, elə bil ki, yeni bir mövzu kimi ortalığa atılır. Bunun yeganə izahı ola bilər. O da qəsdən vaxtı uzatmaq”.
Cənab Əliyev hesab edir ki, Ermənistan tərəfi praktiki addımlar atmalıdır. “O addımlar da ondan ibarətdir ki, Ermənistan bütün qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından, Dağlıq Qarabağın ətrafında yerləşən torpaqlardan çıxarmalıdır. Bu, artıq uzun illərdir ki, razılaşdırılmış məsələdir. Bu məsələdə heç bir başqa fikir ola bilməz. Yenidən bu məsələyə qayıtmağın və razılaşdırılmış digər məsələlərə yenidən qayıtmağın yeganə izahını biz bunda görürük: həlledici məqamlarda vaxtı süni şəkildə uzatmaq və əslində, danışıqlar prosesinə zərbə vurmaq”.
Dövlət başçısı Azərbaycanın prinsipial mövqeyimizdən geri dönməyəcəyini bir daha diqqətə çatdırıb. “Münaqişənin ərazi bütövlüyü prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması məsələsi danışıqlar prosesində və razılaşdırılmış məsələlərdə öz əksini tapıb. Danışıqlar prosesində və müzakirə olunan məsələlərdə Dağlıq Qarabağa nə vaxtsa, lap 100 ildən sonra müstəqilliyin verilməsi ümumiyyətlə müzakirə olunmur və bu, heç vaxt olmayacaq”.
Prezident münaqişənin nizamlanması ardıcıllığı ilə bağlı Azərbaycanın mövqeyini də bəyan edib. “Azərbaycanın işğal olunmuş bütün torpaqları işğalçılardan azad edilməlidir. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdır. Bu da danışıqlar prosesində öz əksini tapan bir məsələdir. Ondan sonra sülhməramlı qüvvələr tərəfindən sülhməramlı missiya həyata keçiriləcək. Biz buna etiraz etmirik. Dağlıq Qarabağa müvəqqəti status verilə bilər. Ancaq bu, müstəqillik demək deyil və gələcək danışıqlar prosesində iki tərəf – Ermənistan və Azərbaycan Dağlıq Qarabağın gələcək statusu haqqında müzakirələri davam etdirəcək. Bax, budur əsas prinsiplər. Onların ətrafında indi danışıqlar aparılır və ümid edirəm ki, Ermənistan tərəfi danışıqlarda konstruktivlik göstərib tezliklə məsələnin həlli üçün lazımi addımları atacaqdır”.
O bölgədə gedən son proseslərdən Ermənistanın ruhlandığının əbəs olduğunu xatırladıb. “Bölgədə yaşanan son hadisələr ola bilsin ki, Ermənistanı bir qədər ruhlandırsın. Ola bilsin onlar indi hesab edirlər ki, uzun illər təcrid olunmuş vəziyyətdə yaşamalarına son qoyulur. Mən bu fikirləri bölüşmürəm. Azərbaycanın bölgədə və dünyada artan rolu, əlbəttə, heç vaxt imkan verməyəcək ki, Ermənistan təcrid olunmuş vəziyyətdən çıxsın. Ermənistanın təcrid olunması onun öz rəhbərlərinin fəaliyyəti nəticəsində baş verib”.
Dövlət başçısı Ermənistan işğal olunmuş torpaqlardan çıxarsa, Azərbaycanın bütün kommunikasiyaları açmağa hazır olduğnu diqqətə çatdırıb. “Onda bölgədə sülh və əməkdaşlıq yarana bilər, ölkələrin təhlükəsizliyi təmin oluna bilər. Bölgədə Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan heç bir müsbət irəliləyiş mümkün deyil. Çünki bölgənin əsas problemi Ermənistan-Azərbaycan münaqişəsidir, Azərbaycan torpaqlarının işğal altında qalmasıdır. Bu məsələni kənara qoyub, hansısa başqa məsələni həll etmək məncə, həm siyasi, həm də mənəvi cəhətdən düzgün deyildir. Digər tərəfdən, mən hesab edirəm ki, bu, mümkün deyildir. Çünki Azərbaycanın artan imkanları bunu qoymayacaqdır. Biz öz milli maraqlarımız uğrunda axıra qədər mübarizə aparacağıq. Bizim mübarizəmiz ədalət mübarizəsidir, haqq-ədalət bizim tərəfimizdədir. Əlbəttə ki, biz öz milli maraqlarımızı istənilən yollarla müdafiə edəcəyik”.
Prezident bölgədə status-kvonun Azərbaycanın maraqlarının hesabına dəyişəcəyinə yol verilməyəcəyini də xatırladıb. “Çünki bu status-kvo bizim torpaqlarımızı 20 ilə yaxındır ki, işğal altında saxlayır. Ancaq bu status-kvo mənfi tərəfə yox, müsbət tərəfə dəyişməlidir. Əgər status-kvo Azərbaycanın maraqları hesabına dəyişəcəksə, biz buna imkan verməyəcəyik. Birinci məsələ həll olunmalıdır - Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və Azərbaycan o təqdirdə bu işlərdə fəal iştirak edəcək. Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq”.
Cənab Əliyev gələcəkdə Azərbaycan qazının enerji təhlükəsizliyi məsələlərində daha mühüm rol oynayacağını, bölgə ölkələrinin Azərbaycanın enerji resurslarına ehtiyacının olduğunu deyib. Onun fikrincə, Türkiyə ilə qaz sahəsində tranzit məsələlərinin hələ də həll edilməməsi Azərbaycan qazının Avropaya tam gücü ilə nəqlinə mane olur: “Gələn ildən Azərbaycan qazı Rusiyaya ixrac ediləcək və perspektivdə İrana da qaz ixracı həyata keçirilə bilər”.