Accessibility links

Dəyirmi Masa: Türkiyə-Azərbaycan münasibətlərindəki gərginlik


Ermənistan prezidenti Serj Sarkisyanın Türkiyəyə səfərinin ardınca rəsmi Bakı ilə Ankara arasında münasibətlər gərginləşib. Son bir neçə gün ərzində Bakıda türk əsgərlərinin xatirəsinə qoyulmuş abidənin üzərindən Türkiyə bayraqlarının yığışdırılması həm Azərbaycan cəmiyyətində, həm də qonşu Türkiyədə geniş reaksiyalar doğurub. Bu gün Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Bakıya gəlib. Müşahidəçilər nazirin səfərini də məhz bayraq qalmaqalı ilə əlaqədar yaranmış gərginliklə izah edirlər. İki ölkə arasındakı münasibətlər və Türkiyə Ermənistan yaxınlaşmasını müzakirə etmək üçün həftənin dəyirmi masa söhbətinə politoloqlar Rasim Musabəyli və Eldar Namazovu dəvət etdik.

Türkiyə xarici işlər nazirinin Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsi barədə dediklərinə reaksiya verən Rasim Musabəyli bildirdi ki, əsas diqqət bəyanatlara yox, əməllərə verilməlidir. Türkiyə-Ermənistan yaxınlaşması yönümündə imzalanan sənədlərdə Azərbaycanın işğal olunmuş torpaqları barədə müddəa yer almır. Cənab Musabəylinin sözlərinə görə sərhədlərin açılması müqabilində də Türkiyə konkret olaraq Ermənistana qarşı ciddi şərt irəli sürməyib. Politoloq Eldar Namazovun sözlərinə görə isə proseslərə qiymət vermək hələ tezdir. Belə ki, son bir neçə ildə regionda siyasi situasiya dəyişib. İstər Ankara, istərsə də rəsmi Yerevan öz siyasətlərini yeni atmosferə uyğunlaşdırmağa can atırlar ki, burada Türkiyənin Cənubi Qafqaz siyasəti ilə bağlı müxtəlif hədəfləri yer alır. Bu baxımdan Namazov tövsiyə etdi ki, Azərbaycan hökuməti öz xarici siyasət prioritetlərini yenidən nəzərdən keçirməli və dövrün tələblərinə uyğun hərəkət etməlidir.

1918-ci ildə Bakı uğrunda gedən döyüşlərdə həlak olmuş türk əsgərlərinin abidəsi üzərindən Türkiyə bayraqlarının yığışdırılmasına reaksiya verən hər iki mütəxəssis Azərbaycan hökuməti tərəfindən atılan bu addımın lazımsız dərəcədə sərt olduğunu bildirdi. Cənab Musabəylinin fikrincə Azərbaycan uğrunda canlarını fəda etmiş türk əsgərlərinin xatirəsi azərbaycanlıların qəlbində əzizdir, və hökumətin atdığı addımlar xalqlar arasındakı dostluğa təsir göstərə bilməz. Politoloq Eldar Namazov əlavə etdi ki, hazırda Azərbaycanın bir sıra siyasi dairələrində Türkiyə-Azərbaycan münasibətlərinə köklü zərbə vurmaq istəyən qüvvələr var. Onun fikrincə mümkündür ki, Türkiyə bayrağına edilən hörmətsizlik məqsədyönlü xarakter daşıyır. Belə olan halda bayraq qalmaqalı iki müttəfiq arasındakı münasibətlərə ciddi ziyan vurmuş ola bilər.

XS
SM
MD
LG