ABŞ-ın vitse-prezidenti Co Bayden NATO müttəfiqləri Polşa və Rumıniyada Birləşmiş Ştatların raketlər əleyhinə yeni müdafiə planına dəstək qazandıqdan sonra Çex Respublikasının da dəstəyini əldə edib.
Bu gün Co Baydenlə görüşən Çexiyanın Baş naziri Yan Fişer ona ölkəsinin yeni planda iştirak edəcəyini deyib. ABŞ-ın vitse-prezidenti bildirib ki, Vaşinqton gələn ay müzakirələr üçün Praqaya öz ekspertlərini göndərəcək.
Praqa bundan əvvəl prezident Barak Obamanın Çex Respublikası və Polşada raketlərdən müdafiə sisteminə dəyişiliklər etmək haqda qərarı ilə bağlı narazılığını bildirmişdir.
Co Bayden Çex rəsmilərini əmin edib ki, yeni İran kimi ölkələrdən gələn təhlükələrdən daha yaxşı müdafiəni təmin edir.
Yeni planda əsas diqqət qısa və uzun mənzilli raketləri tutan qurğuların yerləşdirilməsinə verilir.
ABŞ-ın keçmiş prezidenti Corc Buşun dövründə təqdim edilmiş planın mərkəzində uzun mənzilli raketlər dururdu.