Accessibility links

Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar davam etdiriləcək


Oktyabrın 22-23-də Bakıda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə “Xəzər hövzəsində təhlükəsizliyin təmin olunmasına dair Saziş Layihəsi”nin ilkin müzakirəsi keçirilib. Layihənin hazırlanması ilə bağlı Xəzəryanı dövlətlərin başçıları 2007-ci ildə Tehranda keçirilən Sammitdə təşəbbüslə çıxış edib. Layihəni Azərbaycan tərəfi hazırlayıb və digər tərəflərlə razılaşdırıb.
Bakı müzakirələrinin yekunu olaraq Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, sənədin birinci oxunuşda müzakirəsi başa çatdırılıb. Tərəflərin çoxtərəfli təklifləri olub.
Nazir müavini Saziş layihəsinin sahilyanı dövlətlərin daxili işlər, gömrük orqanları, sərhəd xidmətləri, fövqəladə hallar və nəqliyyat qurumlarının geniş və çoxtərəfli əməkdaşlığını nəzərdə tutduğunu bildirib.
Onun sözlərinə görə, təkliflər öyrənildikdən sonra 2010-cu il yanvarın ikinci yarısında Bakıda sənədin ikinci oxunuşda müzakirəsi keçiriləcək.
Nazir müavini “Amerikanın səsi” radiosunun sualının cavabında Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlara da toxunub. Onun dediyinə görə, bu sahədə müəyyən irəliləyişlər var. “Ətraf mühit və ekologiya ilə bağlı Konvensiya fəaliyyətdədir, Azərbaycan, Qazaxıstan və Rusiya dənizin dibinin bölünməsi ilə bağlı Saziş imzalayıb. Eyni zamanda, dənizin statusu müəyyən edilməsə də balıqçılıq, gəmiçilik, mineral ehtiyatların istifadəsi sahəsində fəaliyyətlər davam etdirilir”.
Cənab Xələfov dənizin hüquqi statusu ilə bağlı noyabrın 5-6-da Aşqabadda nazir müavinləri səviyyəsində müzakirələrin davam etdiriləcəyini bildirib.
O Xəzərdə həyata keçirilən fəaliyyətlərin region xalqlarının inkişaf və rifahına xidmət etdiyini bəyan edib. Cənab Xələfovun fikrincə, bütün sahilyanı dövlətlər Xəzərin sülh və sabitlik dənizinə çevrilməsində xoş məram nümayiş etdirir.
Nazir müavini həmçinin, Türkmənistan və İranın Xəzərdə Azərbaycana qarşı sərt bəyanatlarına da aydınlıq gətirib. Onun fikrincə, bu dövlətlərlə hər hansı qarşıdurmadan söhbət gedə bilməz. “Hüquqi statusun müəyyənləşdirilməsi ilə bağlı danışılaq sahəsində İranla anlaşma var və Türkmənistanla isə danışıqların potensialı tükənməyib”.

XS
SM
MD
LG