Mühacirətdə olan uyğur lideri Rəbiyə Kadir deyir ki, Çin ölkənin uyğur icmasına qarşı basqıları davam etdirir. Çinin Sincan vilayətində etnik çinlilərlə uyğurlar arasında baş verən iştişaşlardan bəri ikinci dəfədir ki, Kadir Yaponiyaya səfər edir.
Yaponiyaya ziyalıların dəvəti ilə gəlmiş Rəbiyə Kadir insan hüquqları və etnik azlıqların durumu barədə mühazirə deməyi planlaşdırır.
Cümə günü etdiyi çıxışında xanım Kadir bildirib ki, o, Çinin düşməni deyil. Və Çin də onun düşməni deyil. O, Çin hökumətini də özünə düşmən hesab etmədiyini bildirirək uyğurlar üçün dinc cəmiyyətin qurulmasını arzu etdiyini söyləyib. Rəsmi Pekin xəbər verir ki, Sincan paytaxtı Urumçidə baş verən toqquşmalar zəminində 200 nəfərə həlak olmuş, minlərlə adam isə yaralanmışdır.
Lakin Kadir deyir ki, Çinin Sincan regionundakı repressiyalar nəticəsində minlərlə uyğur yoxa çıxıb. Onun sözlərinə görə Çin hökuməti dünyaya nümayiş etdirməyə çalışır ki, ölkədə bütün etnik qruplar bəxtəvərdirlər və hökumət uyğur əhalisini dəstəkləyir.
Kadir israr edir ki, reallıq fərqlidir.
O, deyir ki, iyul ayından bəri uyğurların idarə etdiyi 1,500 vebsaytı bağlanıb. Kadir həmçinin deyir ki, minlərlə gənc uyğur qadın Çin zavodlarında hər gün istismar olunur. Kadir Yaponiyada yaşayan uyğur icması ilə əlaqələri gücləndirmək istədiyini söyləyir, və o, ümid edir ki, bu ölkədə onun mübarizəsinə dəstək artacaq.
Lakin belə görünür ki, xanım Kadir Yaponiya hökumətindən çox elə kömək görməyəcək. Baş nazir Yukio Hatoyama Çin hökuməti ilə əlaqələri gücləndirmək haqda dəfələrlə danışıb. Onun kabinetinin heç bir üzvü Rəbiyə Kadirlə görüşməyi planlaşdırmır.
Çin hökuməti Kadirin Tokyoya səfərinə etirazını bildirib. Rəsmi Pekin Çinin uyğur icmasına qarşı hər hansı bir ayrıseçkiliyin olduğunu danır və bildirir ki, başqa etnik qruplara Han çinlilərlə müqayisədə daha çox imtiyazlar verilir. Çin hökuməti Rəbiyə Kadirin rəhbərlik etdiyi Dünya Uyğur Konqresini separatçı təşkilat kimi tanıyır.