Accessibility links

İran BMT-nin dəstəklədiyi sazişə etiraz edir


İranın ali qanunvericiləri və prezidenti Qərblə BMT-nin dəstəyi altında tərtib olunan saziş layihəsini müxtəlif tərzlərdə tənqid edib. Buna baxmayaraq prezident Mahmud Əhmədinejad Qərbi İranla əməkdaşlıq etməyə çağırır.

İran parlamentinin milli təhlükəsizlik məsələləri və xarici əlaqələr üzrə qüdrətli komitəsinin rəhbəri Ələddin Borucerdi İran televiziyasına bildirib ki, onun komitəsi Beynəlxalq Atom Enerjisi Agentliyinin himayə etdiyi sövdələşməni bəyənmir, çünki burada Tehrana öz uranını geri alacağına təminat verilmir.

Komitənin başqa üzvü, millət vəkili Kazım Cəlali İranın ərəbdilli telekanalı Ələm TV-yə söyləyib ki, o, ötən illərin olaylarına görə Qərbə etimad göstərmir. O, İranın Qərbin sövdələşmənin şərtlərinə əməl edəcəyinə dair şübhələrinin olduğunu deyir. Cəlali əlavə edib ki, son razılıq tamamilə şəffaf olmalıdır və bütün tərəflərə təminatlar verməlidir. O, vurğulayıb ki, hazırkı sənəd İranın maraqlarına ziddir.

Bu arada, İran prezidenti Mahmud Əhmədinejad Məşhəd şəhərində müharibə veteranları qarşısında etdiyi çıxışda ümid etdiyini bildirib ki, Qərblə nüvə danışıqları davam edəcək. Onun sözlərinə görə Qərb üçün ən yaxşı yol İran millətinə hörmət etmək və onunla vicdanla davranmaqdan keçir.

XS
SM
MD
LG