Accessibility links

Harayın qonağı Əli Qaracalı: İranda 60 ildir ki vəziyyət dəyişməyib


Harayın qonağı İran Azərbaycanı federal demokratiya hərəkatının icra heyətinin üzvü Əli Qaracalıdır. O, redaksiyamızın İranda azlıqların hüquqlarına dair suallarını cavablandırır.

Sual: İranda insanların, xalqların dilləri ilə bağlı vəziyyət necədir? Xalqlar nə üçün mədəni hüquqlarını əldə edə bilmirlər?

Cavab: Hökumət hər halda düşünür ki, əgər bu haqları azərbaycanlılara, ərəblərə və ya kürdlərə versə, İran bölünər. Halbuki, dil haqqı demokratik bir haqdır. Əgər İranda dil haqları tanınsa, İranın milli birliyi daha güclü olar. İran heç vaxt bölünməz. Tək dil haqqı deyil, tələb olunan bir çox demokratik haqlar var. Sadəcə dil bunların içində ən mühümüdür. Əgər bu haqq tanınmasa, İranın gələcəyi hər cür təhlükə ilə qarşılaşa bilər. 60 ildir İranda rəsmi idiologiya belədir: İranda bir dil, bir millət və bir irq var. İran dövləti istər Şah zamanında olsun, istərsə də islam respublikası zamanında, bu ideologiya üzərində qurulub. Biz Federal Demokratiya Hərəkatı olaraq, heç vaxt İranın bölünməsini və azərbaycanlıların İrandan ayrılmasını istəmirik. Əgər bu demokratik haqlar İran daxilində tanınsa, biz daha güclü olarıq.

Sual: Siz inanmırısınız ki, nə vaxtsa İranda demokratik hökumət olub, sizin demokatik haqlarınızı verəcək?

Cavab: Xeyr, mən buna kəsinliklə inanmıram. Çünki İranda 30 ilə yaxındır İslam respublikası fəaliyyət göstərir. Az da olsa haqlarımız Konstitusiyada tanınsa da, bu 30 ildə İslam respublikası hətta öz Konstitusiyasının bizə tanıdığı minimum haqları tanımıyıb və onu həyata keçirməyib. Dəfələrlə təşəbbüslər olub. Ziyalılarımıza deyiblər ki, kitablarınızı, dərsliklərinizi hazırlayın. Həmişə təbliğat olub, ancaq heç vaxt iş görülməyib.

Sual: Siz inanırsınızmı ki, İranda demokratik seçkilər keçiriləcək?

Cavab: Bu gün İran hökumətinin hesabı ayrıdır. Ancaq müxalifətdə olan başlıca adamlar, məsələn, Rəfsəncani, Xatəmi, Musəvi və ya Kərrubi - bunların hamısı keçmiş rejimin başında olanlardır. Yəni iş elə nöqtəyə gəlib ki, hətta, bu adamlar öz can güvənliyindən qorxur. Ancaq onlar, bu gün İranda yaşananlara eyni cür yanaşmırlar. Məsələn, Kərrubi və Rəfsəncani daha radikal daha mühafizəkar yanaşır, Musəvi və Xatəmi isə ortadadır. Rəfsəncani istəyir ki, İrandakı bu islam respublikası qalsın. Musəvi də 8 il ölkənin baş naziri olub. İndi desə ki, mən islam rejimini istəmirəm, qanun çərçivəsində onu tutub edam da edə bilərlər. Ancaq Kərrubi daha radikal danışır. O “təhəvvül” kəlməsini işlədir, yəni dönüş, dəyişmə istəyirik. İranda 3 milyon bəsici var. Hökumət 3 milyon insana dövlət məmuru kimi pul verir. Onlar da küçələrdə gəzib, kimin nə danışdığına fikir verir. Hazırda davam edən hərəkat İranda bütün insanların ürəyindən olan bir prosesdir. Bu, bir dəyişiklik gətirə bilər. Xalqlar bu mərhələdə əl-ələ verməlidir. Heç olmasa bir qədər qabağa getməyə çalışmalıyıq. Misal üçün azad seçkilərin keçirilməsinə nail olub, öz millət vəkilimizi seçə bilərik. Azərbaycanın demokratik haqlarının ən başında, bəlkə dildən də daha qabaqda, Azərbaycanın həqiqi nümayəndələrinin seçilməsi bu prosesdən keçə bilər

XS
SM
MD
LG