Accessibility links

Angela Merkel: Almaniya ABŞ-ın dəstəyini heç vaxt unutmayacaq


Almaniya kansleri Angela Merkel Birləşmiş Ştatları Almaniya ilə “21-ci əsrin divarlarını sökmək” üçün birgə işləməyə çağırıb.

Kansler Merkel bu gün ABŞ Konqresinin birgə sessiyasında Amerika qanunvericiləri qarşısında çıxış edib. İkinci dönəm hakimyyətə gəlmiş kansler Merkel 1989-cu il noyabrın 9-da Berlin divarı söküldükdən sonra Almaniyanın birləşməsinə verdiyi dəstəyə görə ABŞ qanunvericilərinə təşəkkürünü bildirib.

Lakin Almaniya kansleri ABŞ qanunvericilərini qlobal iqlim dəyişikliyi də daxil edilməklə, diqqəti hazırda mövcud divarlara yönəltməyə çağırıb. O, dekabr ayında Kopenhagendə keçiriləcək konfransda qlobal iqlimə dair razılığa dəstək verməyə səsləyib.

Çıxışı dəfələrlə gurultulu alqışlarla kəsilən xanım Merkel Almaniyanın Əfqanıstanda və İsraildə təhlükəsizliyə dəstəyini bir daha ifadə edərək deyib ki, İranın nüvə bombası əldə etiməsinə imkan verilməməlidir.

Konqresdə çıxışından öncə kansler Merkel Ağ Evdə prezident Barak Obama ilə görüşüb. İqlim dəyişikliyi ilə yanaşı, ölkə liderləri Əfqanıstanda müharibə, İranın nüvə proqramı və iqtisadiyyat kimi bir sıra məsələləri müzakirə ediblər.

Görüşdən sonra danışan prezident Barak Obama deyib ki, xanım Merkel iqlim dəyişikliyi məsələsində beynəlxalq səviyyədə liderlik nümayiş etdirib. Prezident həmçinin deiyib ki, o, Almaniyanın ABŞ-ın Əfqanıstanda sülhün bərqərar edilməsi işinə dəstək verməsinə yüksək qiymət verir.

Almaniya kansleri Angela Merkel Berlin divaranın sökülməsinin 20 illiyiyinin qeyd olunması məqsədilə Vaşinqtona səfər edib. O deyib ki, Almaniya Amerika xalqının Almaniyanın birləşməsinə verdiyi dəstəyi heç vaxt unutmayacaq.

Kansler Merkel 1957-ci ildə Konrad Adenuerdən sonra ABŞ Konqresində çıxış edən ilk Almaniya lideridir.

XS
SM
MD
LG