Accessibility links

Vaşinqtonda ABŞ və  Azərbaycan arasında təhlükəsizliyə dair dialoq  başlayıb


Bu gün Vaşinqtonda ABŞ və Azərbaycan arasında təhlükəsizliyə dair dialoq çərçivəsində növbəti məsləhətləşmələr başlayıb. Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov danışıqlarda iştirak edən Azərbaycan heyətinə rəhbərlik edir. Təhlükəsizliyə dair ikitərəfli dialoq Azərbaycan və Amerikanın hüquq-mühafizə orqanları və təhlükəsizlik məsələləri üzrə eksperlərini bir araya gətirir.

Araz Əzimov dialoq çərçivəsində bu gün ABŞ dövlət katibinin siyasi və hərbi məsələlər üzrə müavini Endru Şapiro ilə görüşüb. Bu görüşlər 2007-ci ildə Vaşinqtonda keçirilən təhlükəsizlik dialoqunun davamını təşkil edir. İki ölkənin nümayəndə heyətləri arasında keçirilən məsləhətləşmələrlə dənizdə təhlükəsizlik, terrorçuluq və narkotiklərlə mübarizə, sərhədlərin təhlükəsizliyi və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması sahələrində əməkdaşlığın artırılması nəzərdə tutulur.

Müzakirələr ikitərəfli münasibətlərin möhkəmlənməsinə də xidmət edir. Xarici işlər nazirinin müavini Araz Əzimov bu gün Vaşinqtonda mətbuat mərkəzində danışıqların nəticələri ilə bağlı mətbuat üçün açıqlamalar verəcək.

XS
SM
MD
LG