Accessibility links

Azərbaycanda 2010-cu il dövlət büdcəsi müzakirə edilir 


Milli Məclis 2010-cu il dövlət büdcəsinin müzakirəsinə başlayıb. 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 milyard 15 milyon manat, xərcləri 11 milyard 264 milyon manat nəzərdə tutulub. Növbəti il üçün inflyasiya 3% proqnozlaşdırılır.
Milli Məclisin sədri Oqtay Əsədov büdcəni sosial yönümlü, investisiya tutumlu, müdafiə xarakterli adlandırıb. Onun fikrincə, büdcə sənədləri böhranın təsirləri nəzərə alınmaqla tərtib edilib.
Spiker Azərbaycanda bu il ümumdaxili məhsulun artım tempinin 6%-dən artıq olduğunu qeyd edib. Azərbaycanda istehsalın 85%-i özəl sektorun payına düşür.
Maliyyə naziri Samir Şərifov hesab edir ki, layihə hazırlanarkən dünya iqtisadiyyatında baş verənlər, neftin və enerji daşıyıcılarının qiyməti, beynəlxalq maliyyə təşkilatlarının proqnozları nəzərə alınıb. Beynəlxalq ekspertlər 2010-cu ildə dünya bazarında inkişafın olacağını proqnozlaşdırır.
Nazirin sözlərinə görə, 2010-cu ildə bir sıra vergi növü üzrə vergi dərəcələrinin azaldılması planlaşdırılır. Qanun layihəsinə əsasən, büdcə gəlirlərinin əsas mənbələri sırasında Dövlət Neft Fondundan daxilolmalar 4 915 mln. manat, əlavə dəyər vergisi
1 876 mln. manat, hüquqi şəxslərin mənfəət vergisi
1 096 mln. manat, fiziki şəxslərin gəlir vergisi 680 mln. manat, aksiz üzrə 552 mln. manat daxilolmalardır. Vergilər xətti ilə daxilolmaların 38,4%-i neft, qalanı isə qeyri-neft sektoru hesabına nəzərdə tutulur. Dövlət Gömrük Komitəsi xətti ilə vergi və rüsumlar üzrə daxilolmaların həcmi 1,1 mlrd. manat həcmində nəzərdə tutulur. Onun fikrincə, son 9 ayda da ümumdaxili məhsul artmaqda davam edir və ölkənin valyuta ehtiyatları 19 milyard manata çatıb.
Cənab Şərifov eyni zamanda, maliyyə böhranının 2009-cu il dövlət büdcəsinin gəlir və xərc hissəsinin icrasına təsir etdiyini bildirib. Onun sözlərinə görə, 2009-cu il dövlət büdcəsinin gəlirləri 91,9 faiz, xərcləri isə 81,8 faiz icra olunub.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, 2009-cu ildə dünyada maliyyəböhranına baxmayaraq Azərbaycan pul-kredit göstəricilərinin kəskin azalmasının qarşısını alıb. Pul kütləsi bu ilin ilk iki rübündə 12% artıb, iqtisadiyyata 1,4 mlrd. manatadək yardım verilib. O hesab edir ki, 2010-cu ildə böhranın təsirləri aradan qaldırılacaq. Azərbaycanda adambaşına düşən ümumdaxili məhsul orta gəlirli ölkənin aşağı səviyyəsindədir. Adambaşına 7000 dollar düşür.
Müxalifətdə olan və bir sıra bitərəf deputatlar büdcənin tənqidçiləridir. Onlar hesab edir ki,büdcə korrupsiya yönümlüdür, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və əmək haqlarının artırılmasın yönəlməyib. Azərbaycanın keçmiş baş naziri, deputat Pənah Hüseynin fikrincə, büdcə sənədləri şəffaf deyil və korrupsiya üçün şərait yaradır.
Deputat Aynur Camalqızı büdcənin əmək haqları və pensiyaların artırılmasını, sosial cəhətdən zəif olan əhali təbəqəsinin vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutmadığını firkirləşir.
Deputat Nazim Məmmədov dövlət büdcəsinin reallığı əks etdirmədiyini deyib. Onun fikrincə, neftin qiymətinin büdcədə 45 dollar hesablanması reallığa uyğun deyil.


XS
SM
MD
LG