Sabah keçiriləcək yerli seçkilər ərəfəsində Kosovoda təhlükəsizlik tədbirləri gücləndirilib. Bu, Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan etdikdən bəri həmin ölkədə keçirilən ilk seçkilərdir. Seçki kampaniyası zamanı baş vermiş bir neçə insidentin ardınca səsvermə məntəqələrində 5 min polis qüvvəsi yerləşdirilməsi planlaşdırılır. Bu gün NATO qüvvələri müxalifət partiyasının ofisində tapılmış əl qumbarasını zərərsizləşdirmək üçün əraziyə çağırılıblar. Həftənin əvvəlində qərbi Dekani şəhərində nümayişçilər baş nazir Haşim Tacini daşıyan maşın karvanını daşa basmışlar. Kosovonun azlıqda olan Serb icması seçkiləri baykot etməklə hədələyib. Seçicilər 36 bələdiyyə dairəsində yerli şuralar və şəhər merlərini seçəcəklər.