Accessibility links

Avropa Şurası blogerlərin həbsi barədə Azərbaycanla müzakirə aparacaq 


Blogerlər Adnan Hacızadə və Emin Millinin Azərbaycan məhkəməsi tərəfindən həbsə məhkum edilməsi ilə bağlı etiraz bəyanatları davam edir. Çoxsaylı beynəlxalq təşkilatın blogerlərin dərhal azadlığa buraxılması tələblərinə bu gün hakimiyyət rəsmisi cavab verib. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov beynəlxalq təşkilatları qərəzdə suçlayıb. “Azərbaycanda məhkəmə sistemi müstəqildir, icra hakimiyyəti onun qərarlarına təsir göstərə bilməz. Azərbaycan Avropa hüquq məkanında yerləşir, məhkəmənin qərarına etiraz edənlər Avropa İnsan Haqları Məhkəməsinə müraciət edir. Azərbaycan qanunları hamıya qarşı eyni tətbiq edilir. Qərbə yaxın olanlar və digərləri arasında fərq qoyulmur. Bəlkə də, Qərb üçün onlar həm bloger, həm ziyalıdırlar, amma qanun onlara da şamil edilir”.
Cənab Həsənov Azərbaycanda ifadə azadlığının yüksək olduğunu deyib. “Azərbaycanda söz azadlığının Almaniya, Fransa, İtaliya kimi ölkələrdən heç də az deyil”.
Avropa Şurasının baş katibinin Azərbaycanda xüsusi nümayəndəsi Veronika Kotek Azərbaycanda ifadə azadlığı sahəsində problemlərin olduğunu bildirib. O Avropa Şurası baş katibinin blogerlərin həbsi ilə bağlı hökumətə müraciətinə hələ cavab verilmədiyini deyib. “Avropa Şurasının baş katibi blogerlərin həbsi ilə bağlı bəyanatla çıxış edib.İnanıram ki, Azərbaycan hökuməti ilə bu sahədə müzakirələr davam etdiriləcək. Biz Avropa Şurası olaraq inanırıq ki, hər-hansı jurnalist məqaləsinə və ya yazdığı məlumata görə azadlıqdan məhrum edilməməlidir”.
Azərbaycan Mətbuat Şurası da blogerlərin həbsinə münasibət bildirəcək. Şuranın sədri Əflatun Amaşov bildirib ki, hazırda araşdırma aparılır.
Cənab Amaşov Mətbuat Şurasının ilin sonunadək hazırda həbsdə olan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin əfvi ilə bağlı müvafiq qurumlara müraciət edəcəyini də istisna etməyib.

XS
SM
MD
LG