Accessibility links

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)


ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Amerikanın Səsinin Azərbaycan xidmətinə müsahibə verib.

Sual: Azərbaycan və Ermənistan prezidentlərinin yaxın gələcəkdə yenidən bir araya gələcəyi gözlənilir. Sizin Dağlıq Qarabağ üzərində danışıqların gedişatı haqda fikirləriniz nədir?
Cavab: Mən bu təmasların detalları ilə ətraflı tanış deyiləm, ələlxüsus ona görə ki, mənim Bakıda səfir işlədiyim vaxtdan xeyli müddət keçib. Məndə belə bir təəssürat var ki, tərəflər artıq bir müddətdir ki, razılığa yaxındırlar. Onlar son fikir ayrılıqlarını aradan qaldıra bilməyiblər. O biri tərəfdən ABŞ irəliyə doğru addım ataraq bu yaxınlarda səfir Bradkeni ATƏT Minsk qrupuna yeni həmsədr təyin etdi. Bu prosesə yeni baxışlar və daha aktiv yanaşma gətirəcək. Bu irəliyə doğru konstruktiv addımdır. Əlbəttə burada Qafqazın, Azərbaycanın və Ermənistanın taleyi ilə maraqlanan adamlar kimi biz ümid edirik ki, bu liderlərin görüşləri ortaya bir razılıq çıxaracaq və sonrada bu anlaşmalar reallığa çevriləcək.

Sual: Azərbaycanda bir çox adamlar Türkiyə ilə Ermənsitan arasında yaxınlaşmadan narahatdırlar. Belə ki, onlar bunun Ermənistanın danışqılardakı mövqeyini daha da sərtləşdirəcəyini güman edirlər. Bu barədə siz nə deyərdiniz?
Cavab: Zənnimcə Türkiyə və Ermənistan lierlərinin son bir neçə ayda atdıqları addımlar Azərbaycan da daxil olmaqla Qafqazda sülh, sabitlik və firavanlıq üçün konstruktiv olub. Rusiyanın Gürcüstana müdaxiləsindən cəmi bir ay sonra prezidentlər Gül və Sarkisyanın Yerevanın futbol stadionunda çiyin-çiynə dayanması qüdrətli simvol idi. Onlar demək istəyirdilər ki, bizim görmək istədiyimiz Qafqaz bu deyil və biz dinc və harmoniyada yaşayan Qafqaz əldə edilməsi üçün çətin güzəştlərə getməyə hazırıq. Əlbəttə ki, burada söhbət imkanlardan istifadə olunması üçün cətin diplomatiyadan gedir. Lakin bu anlaşma Qafqazda geniş cərəyanları, o cümlədən Azərbaycanla Ermənistan arasındakı danışıqların irəli getməsi üçün meydana çıxan bir fürsəti əks etdirir. Zənnimcə burada yeni bir fürsət var və bu son 18 ildə xarakterində cüzi dəyişikliyin baş verdiyi bir oyunda dönüş nöqtəsinə imkan yaradır.

Sual: ABŞ-Azərbaycan münasibətlərinin gələcəyini necə görürsünüz?
Cavab: ABŞ Azərbaycanla əlaqələrinə xüsusi önəm verir. Biz əlbəttə Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ, eləcə də də enerji məsələləri, terrorizmlə mübarizə və başqa məsələlərdə yaxından işləmişik. Yeni administrasiya ilə Bakıdakı liderlik arasında yaxşı münasibətlər formalaşıb və mən bunun davam edəcəyini güman edirəm. Həqiqət budur ki, ələlxüsus da əgər söhbər güclü, dinc və firavan Qafqazın inkişafından gedirsə bizim bir-birimizə ehtiyacımız var.

XS
SM
MD
LG