Accessibility links

ABŞ prokurorları İranla əlaqəsi olan müsəlman təşkilatının mülklərini müsadirə edir(video)


Birləşmiş Ştatların federal prokurorları İran hökumətilə əlaqəsi olmaqda şübhələnilən qeyri-kommersional müsəlman təşkilatının yeddi məscid də daxil olmaqla, mülklərinin müsadirə edilməsilə bağlı işi davam etdirir.

Federal rəsmilər Vaşinqton yaxınlığında Merilend ştatının Potomak şəhərciyində yerləşən İslam Təhsil mərkəzinə qarşı məhkəmə işi qaldırıblar. Rəsmilər bu mülklərin Nyu Yorkda yerləşən Ələvi Fondu ilə əlaqəsi olduğunu bildirirlər.

Prokurorlar fondu Assa korporasiyası vasitəsilə İranın dövlətə məxsus milli bankına milyonlarla dollar məbləğində pul köçürməkdə ittiham edirlər.

Birləşmiş Ştatların Maliyyə nazirliyi bankı İranın nüvə proqramını dəstələməkdə ittiham edir və ABŞ vətəndaşlarının bu maliyyə qurumu ilə iş aparmasını qadağan edir.

Amerika-İslam münasibətlər şurası məscidlərin müsadirə edilməsi ilə bağlı addımı tənqid edib.

Qrupun ictimai ələqələr üzrə direktoru İbrahim Huper deyir ki, ən böyük narahatlığa səbəb ABŞ hökumətinin ibadət yerlərini müsadirə etməsidir. “İstər məscid, istər sinaqoqa, istərsə də kilsə olsun, bu, bütün dinlərə mənsub insanlara din azadlığı ilə bağlı çox qorxulu bir mesajdır və bütün amerikalılar bundan narahat olmalıdır.”-deyə o bildirib.

ABŞ-ın Nyu Yorkdakı prokurorluğunun sözçüsü aydın şəkildə bildirib ki, mülklərin sakinləri və oradakı tələbələrə qarşı heç bir iş qaldırılmayıb.

Merilenddəki məsciddən əlavə Ələvi fondunun Nyu Yorkda və Kaliforniyada məscidləri, Texasda Hyuston şəhərində isə islam təhsil mərkəzi var.

Hyustondakı mülkün sahibkarlar şurasının sədri Fahim Kazım deyir ki, islam təhsil mərkəzi gəlirsiz bir təşkilatdır və onun heç bir başqa təşkilatla əlaqəsi yoxdur.

Nyu Yorkda ucalan binanın inşası 500 milyon dollara başa gəlib. Ələvi Fondunun vəkili Daniyel Ruzumna fondun ABŞ hökumətilə əməkdaşlıq etdiyini və məhkəmə işindən narazı qaldığını bildirir. Onun sözlərinə görə, fond hökumətin iddialarına məhkəmədə cavab verəcək.

Keçən həftə ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaların müddətini daha bir il uzadaraq münasibətlərin hələ normallaşmadığını bildirib.

XS
SM
MD
LG