Accessibility links

ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub


Noybarın 24-də Nyu Yorkda Jurnalistləri Müdafiə Komitəsi beş beynəlxalq jurnalistə mətbuat sahəsindəki cəsur fəaliyyətlərinə görə 2009-cu il üçün Beynəlxalq Mətbuat Azadlığı Mükafatını təqdim edəcək. Təltif olunan beş jurnalistin sırasında Gündəlik AzərbaycanRealnı Azerbaydjan qəzetlərinin sabiq baş redaktoru və hazırda səkkiz il yarımlıq həbs cəzası çəkən Eynulla Fətullayev də var.

Milli Mətbuat Klubunun Mətbuat Azadlığı Komitəsi noyabrın 19-da Milli Mətbuat Klubunda qalib jurnalistləri şərəfləndirən tədbir keçirib. Vaşinqtonda keçirilən mətbuat konfransında həbs edilmiş jurnalistlərin ailə üzvləri və ekspertlər Azərbaycan, Şri Lanka və Somalidə müstəqil mətbuatın durumunu müzakirə ediblər. Bu ilki mükafatlarla Azərbaycanda millələrarası ehtirasları qızışdırmaq ittihamı ilə uzunmüddətli həbs cızasına məhkum edilmiş Eynulla Fətullayevdan əlavə, Şri Lankadan köşə yazarı J.S. Tissaynayaqam, Somalidəki Radio Simba radiostansiaysının rəhbəri Mustafa Hacı Abdinur və Tunisin onlayn Kalima jurnalının redaktoru Naziha Reciba və həyatını mətbuat azadlığı uğrunda mübarizəyə həsr etmiş New York Times qəzetinin sabiq köşə yazarı Antoni Luis təltif olunublar.

Milli Mətbuatı Klubunun keçirdiyi mətbuat konfransında çıxış edən natiqlər söz azadlığının mühümlüyündən və bu yolda fədakarlıq göstərmiş jurnalistlərin fəaliyyətlərindən bəhs ediblər. Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Simon Eynulla Fətullayevin və J.S. Tsaynayaqamın azad edilməsinə çağırıb. “Biz bu hökumətlərin bizim qəzəbimizdən agah olmasına çalışacağıq,” deyə o, bildirib. Cənab Simonun sözlərinə görə Eynulla Fətullayevin çalışdığı dərginin sabiq redaktoru Elmar Hüseynov qətlə yetirildikdən sonra Fətullayevin qətlin araşdırılmasına başladı. Gənc jurnalist Azərbaycan hökumətini əldə olan dəlilləri nəzərə almamaqda və qətl istintaqının gedişatına mane olmaqda günahlandırırdı. Sonradan Eynulla Fətullayev əsassız ittihamlarla səkkiz il yarım azadlıqdan məhrum edildi.

“Onun yeganə cinayəti onun jurnalizmi idi, deyə Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya üzrə proqram koordinatoru Nina Oqnianova bəyan etdi. “O, hökumətin görməli olduğu işi – öz redaktorunun qətlini araşdırdığına görə cəzalandırılır.”

XS
SM
MD
LG