Accessibility links

Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik


Tbilisidə ATƏT-in təşkil etdiyi Cənubi Qafqaz ölkələrinin 6-cı Kütləvi İnformasiya Vasitələri Konfransı yekun bəyannamənin qəbul edilməsi ilə başa çatıb.
Turan Agentliyinin məlumatına görə, konfrans hökumətləri jurnalistikanı mülki peşə kimi həddən artıq çox tənzimləməkdən imtina etməyə çağırıb. KİV-də plüralizm demokratiyanın mövcud olması üçün ən vacib şərtlərdən biri olan prinsipial əhəmiyyətli dəyər kimi qəbul edilib.
Bəyannamədə hökumətlərə jurnalistlərin akademik baza hazırlığını inkişaf etdirməyi, habelə jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədilə onlar üçün ixtisasartırma sistemi yaratmağı tövsiyə edilir. Sənəddə İnterneti, tədqiqat jurnalistikasını inkişaf etdirməyə çağırış da yer alıb.
ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti yekun sözündə deyib ki, “Cənubi Qafqaz ölkələrinin plüralist və peşəkar mətbuat yaratmaq üçün insan və əqli resursları var”.
İfadə azadlığı problemlərinə toxunan cənab Haraşti bildirib ki, ATƏT Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin pisləşməsinə təəssüf edir. “Ola bilsin ki, bu, hakim dairələrin praqmatik maraqları, hakimiyyətdə uzun müddət qalmaq istəyi ilə bağlıdır”, deyə o qeyd edib.
O Azərbaycanda “Diffamasiya haqqında” qanun qəbul ediləcəyinə və bütün jurnalistlərin azad ediləcəyinə ümidvar olduğunu deyib. “Biz Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik”, deyən xüsusi nümayəndə Cənubi Qafqaz ölkələrində KİV problemlərini həll etmək zərurətini vurğulayıb.

XS
SM
MD
LG