Bakıda Avropa İqtisadi və Sosial Komitəsinin “Cənubi Qafqaz ölkələrində vətəndaş cəmiyyətinin Avropa Qonşuluq Siyasətinin tətbiq edilməsinə cəlb olunmasına dair” rəyinin təqdimatı olub.
Rəydə bildirilir ki, Cənubi Qafqaz regionu böyük bir ərazini əhatə etməsinə baxmayaraq etnik, dil, tarix, və siyasət baxımından çox müxtəlifdir. “Azərbaycan və Ermənistan arasında son 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin olması vəziyyəti daha da mürəkkəbləşdirir. Gürcüstan da uzun müddətdir ki, iki bölgəsinə, -Abxaziya və Cənubi Osetiyaya nəzarət etmir. Bu vəziyyət Rusiya ilə son müharibəni daha da mürəkkəbləşdirir.
Sənəddə deyilir ki, münaqişələrin həlli Cənubi Qafqazda başlıca problem olaraq qalır. “Regiondakı siyasi vəziyyət ciddi demoqrafik çatışmamazlıqlarla xarakterizə olunur. Müstəqillik qazandıqdan sonra dövlət çevrilişləri, vətəndaş müharibəsi və inqilablar baş verib. Müvəffəqiyyət qazanmış hökumətlər siyasi müxalifətin fəaliyyətini məhdudlaşdırmağa, media və vətəndaş cəmiyyəti təşkilatlarına, xüsusilə də ictimai əməkdaşlara nəzarət etməyə başlayıb. Yalnız Gürcüstanda qızılgül inqilabından sonra demokratik dəyişiklik baş verib, ancaq burada da demokratiya sahəsində bir çox çatışmamazlıqlar özünü göstərir”.
Rəyə görə, Cənubi Qafqazda ictimai və iqtisadi vəziyyət də çətin və mürəkkəb olaraq qalır. “Azərbaycanda vəziyyət fərqli olsa da, iqtisadiyyatın bir sektordan asılı olması, Dağlıq Qarabağın itirilməsi, bir çox rayonların mühasirədə olması ölkənin iqtisadi problemlərini artırır. İctimai vəziyyətə gəlincə, Cənubi Qafqazda əhalinin böyük hissəsi yoxsulluq həddindən çox aşağı səviyyədə yaşayır, varlı və kasıb əhalinin gəlirləri arasındakı fərq dramatik şəkildə artmaqdadır, xüsusilə yaşlı və xəstə əhali arasında böyük ictimai problemlər mövcuddur. İşsizliyin yüksək həddə olması, xüsusilə Azərbaycan və Gürcüstanda müharibə qaçqınlarının çox olması vəziyyəti pisləşdirir. Müxtəlif hesablamalara görə, Cənubi Qafqazda gəlirlərin 60 faizə qədəri qeyri-rəsmi sektordan gəlir və bu da ciddi ictimai problemlər yaradır. Bunun kökündə isə geniş yayılmış korrupsiya durur”.
Avropa Komissiyasının Azərbaycandakı ofisinin rəhbəri Roland Kobia bildirib ki, Avropa Birliyi Şərq Tərəfdaşlığı çərçivəsində vətəndaş cəmiyyətlərini gücləndirmək üçün 3 milyon avro ayırıb. “Bu maliyyə dəstəyi çərçivəsində uşaq hüquqlarından başlayaraq insan hüquqları və seçki hüquqlarına qədər sahələri əhatə edən 12 layihə dəstəklənir. Layihələrdə həmçinin münaqişə tərəfi olan xalqlar arasında dialoq yaradılması məsələləri də əksini tapıb”, - deyə o qeyd edib.
Azərbaycan xarici işlər nazirliyinin insan haqları, demokratikləşmə və humanitar problemlər departamentinin rəhbəri Əlimirzamin Əsgərov bildirib ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsü bu təşkilatla Azərbaycan əməkdaşlığını keyfiyyətcə yeni mərhələyə gətirib və həyata keçirilən demokratik islahatlara töhfə verir.
Cənab Əsgərov eyni zamanda, Azərbaycanın rəydəki bir sıra məqamlarla razılaşmadığını deyib. Amma o razılaşmadığı bəndləri sadalamayıb, “sənəddə qüsurlar və yanlışlıqlara yol verilib” , - deməklə kifayətlənib.
Avropa Sosial və İqtisadi Komitəsinin Cənubi Qafqaz üzrə məruzəçisi Anjey Adamçik bildirib ki, bir sıra istiqamətlər üzrə Cənubi Qafqaz ölkələri üçün vahid layihə hazırlanıb.
“Bunlar hüquq normalarının, demokratiyanın gücləndirilməsi, insan haqlarına əməl edilməsi, müstəqil media üçün şəraitin yaradılması, biznes və şirkətlər üçün daha yaxşı mühitin yaradılması, vergilər sistemində islahatların aparılması, korrupsiyaya qarşı mübarizə, yoxsulluq sahələrinin azaldılması, ətraf mühitin mühafizəsi, Cənubi Qafqazda regional əməkdaşlığın gücləndirilməsi, ərazi münaqişələrində sülhpərvər həll yollarının tapılması üzrə tədbirlərin həyata keçirilməsindən ibarətdir”.
Cənab Adamçik həmçinin Cənubi Qafqaz ölkələri ilə Avropa İttifaqı arasında viza rejiminin aradan qaldırılmasının vacibliyini bildirib. “Avropa İttifaqına viza rejimindəki bürokratiya aradan qaldırılmalıdır. Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında vizadan azad rejim yaradılmalıdır. Vizasız gediş-gəliş rejimi insanlar arasında əməkdaşlığı möhkəmləndirəcək”.
O həmçinin hesab edir ki, ölkələr arasında siyasi sülh xalqların barışığında mühüm rol oynaya bilər. “Avropa Cənubi Qafqazda sülh yaradılmasında nailiyyət əldə edə bilər. Sülhün yaradılmasında vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq təkan verəcək”, - deyə cənab Adamçik qeyd edib.