Accessibility links

Azərbaycanda məişət zorakılığı ATƏT-in diqqətindədir


ATƏT-in Bakı ofisi Ailə, Qadın və Uşaqlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Məişət zorakılığının qarşısının alınması: ictimaiyyəti məlumatlandırma və qanuna dəstək” mövzusunda konfrans keçirib. Konfransda məişət zorakılığının qarşısını almaqla bağlı qanun layihəsi də daxil olmaqla, Azərbaycanda məişət zorakılığı məsələləri müzakirə edilib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və ATƏT-in Bakı ofisinin sifarişi ilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə beynəlxalq rəy hazırlanıb. Qanun layihəsi məişət zorakılığının aradan qaldırılmasını, ondan zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
”Ailənin qorunması, sağlam uşaqların böyüməsi dövlətin qarşısında duran mühüm məsələdir. Bu səbəbdən də qanunun qəbul edilməsi mühümdür”, - deyə ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirib.
Azərbaycanda məişət zorakılıqları insan haqlarının pozulmasına səbəb olan başlıca amillərdəndir. Məişət zorakılığının heç də əsasında məişət münasibətləri durmur. Zorakılığı doğuran əsas səbəblər iqtisadi-sosial problemlərlə bağlıdır. “Ölkədə insan hüquqları pozulması sahəsindəki faktların 22 faizə qədəri məişət zorakılığı ilə bağlıdır”, - deyə Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Rəbiyyət Aslanova qeyd edib.
Çıxışlarda ölkədə qadınlara qarşı hər cür zorakılığın aradan qaldırılmasının vacibliyi deyilib. Natiqlər hesab edir ki, problemləri heç də qanunun qəbulu ilə tam aradan qaldırmaq mümkün olmayacaq. “İşgəncələrə qarşı mübarizə sahəsində milli mexanizmi yaradılır. Bu mexanizmin tərkibində həm də məişət zorakılıqlarının aradan qaldırılması əksini tapmalıdır. Məişət zorakılığı yalnız qadınların deyil, bütövlükdə cəmiyyətin problemidir”, - deyə Ombudsman Elmira Süleymanova qeyd edib.
Ekspertlər hesab edir ki, məişət zorakılığı ağır kriminal nəticələr də doğurur. Bir çox hallarda zorakılığa dözməyən qadınlar hətta ərlərini belə öldürür. Digər ekspertlər isə son dövrlərdə kişilərə qarşı zorakılıq hallarının qeydə alındığını bildirir. “Bu ilin noyabr ayında ölkədə iyirmidən çox intihar halı baş verib. Özünə intihar edənlərin əksəriyyəti kişilərdir və intiharlar bir çox hallarda məişət münaqişələri ilə bağlı olur”, deyə “Təmiz Dünya” Təşkilatının rəhbəri Mehriban Zeynalova bildirib.

XS
SM
MD
LG