Serbiyalı hüquq ekspertləri 2008-ci ildə müstəqilliyini elan etməklə beynəlxalq düzəni pozduğuna görə Kosovonu rəsmən ittiham edib. Bu ittiham Haaqada Beynəlxalq Ədalət Məhkəməsinin dinləmələrinin başlanğıcında səsləndirilib. Kosovonun sabiq idarəçisi olan Serbiya Kosovonun müstəqillik bəyannaməsini rədd edərək məhkəməni onun qanuniliyini nəzərdən keçirməyə çağırıb. Serbiyalı hüquqşünaslar həmçinin iddia edirlər ki, əgər Kosovonun etnik alban hökumətinin 2008-ci ilin fevralında birtərəfli qaydada müstəqilliyini elan etməsi tanınarsa onda bu, bütün dünya boyu separatçı hərəkatları alovlandıracaq. Kosovonun müstəqilliyi ABŞ və Avropa Birliyinin 22 ölkəsi daxil olmaqla 63 dövlət tərəfindən tanınıb. Dinləmələr dekabrın 11-də başa çatacaq. Burada Serbiya və 30 başqa dövlətin ifadələri dinləniləcək. Məhkəmə sonda məsələ barədə qərar yox, tövsiyəli rəy verəcək.