Accessibility links

Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarında pozitiv dinamika var


ATƏT Xarici İşlər Nazirləri Şurasının 17-ci iclası çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələri,
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Afinada görüş olub.
Azəri-Press Agentliyinin məlumatına görə, görüşə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Edvard Nalbandyan, həmsədr ölkələrin Xarici İşlər nazirləri, – Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Fransanın xarici işlər naziri Bernar Kuşner, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, habelə həmsədrlər Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), Yuri Merzlyakov qatılıb.
Görüşdən sonra həmsədr ölkələrin Xarici İşlər nazirləri birgə bəyanatla çıxış edib. Bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin apardığı danışıqlarda pozitiv dinamikanın olduğunu bildirilib, danışıqların intensivliyinin artırılmasına qərar verilib. “Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Madrid təklifləri üzrə baza prinsiplərinin razılaşdırılması istiqamətində danışıqların daha da intensivləşdirilməsi vacibdir”.
S. Lavrov, B. Kuşner və C. Steynberq ölkələrinin başçılarının iyulun 10-da Akvildə verdikləri bəyanatı təkrarlayaraq, stabilliyə və sülhə imkan verəcək baza prinsipləri üzrə razılaşmanı başa çatdırmaq üçün Azərbaycan və Ermənistan liderlərinə dəstək verməkdə davam edəcəklərini vurğulayıb. Agentliyin məlumatına görə. Azərbaycan və Ermənistan xarici işlər nazirləri də bu il ərzində danışıqlarda tərəqqi əldə olduğunu bildirib. Nazirlər nəticə əldə olunması üçün səyləri davam etdirmək arzusunda olduqlarını da diqqətə çatdırıb.

XS
SM
MD
LG