Mərmərə Universitetinin doktoru Gülden Ayman “Amerikanın səsi” radiosuna müsahibəsində Cənubi Qafqazda sabitliyin yaranmasında Türkiyənin rolundan danışıb. Onun fikrincə, Türkiyənin təhlükəsizliyi Qafqazın təhlükəsizliyindən ayrı düşünülə bilməz. Tarixi təcrübə də Türkiyənin təhlükəsizliyinin Qafqazlarla bağlı olduğunu sübuta yetirib. Ancaq hazırkı durumun fərqli cəhətləri var.
Xanım Ayman Türkiyə ilə İran və Rusiya arasında Qafqazlar uğrunda hərbi qarşıdurmanın olacağına inanmır. “Çünkı Türkiyə ilə İran və Rusiya arasında ərazi mübahisələri yoxdur. Ancaq bölgədə hazırda siyasi rəqabət çox gərgindir”.
O Türkiyənin Qafqazlarda yeni siyasi konsepsiyasından danışarkən bildirib ki, İraqa Amerika qoşunlarının müdaxiləsindən sonra Türkiyə Rusiya ilə münasibətlərinə yenidən baxıb. “Türkiyə Amerikanın Qafqazlara daxil olmasını istəmir. Bu səbəbdən də Rusiya ilə münasibətlərini mülayimləşdirdi. Ancaq Türkiyə və Rusiyanın baxışlarında kəskin ziddiyyətlər mövcuddur”.
Xanım Ayman hesab edir ki, Qafqaz bölgəsinin inkişafı münaqişələrin həllində keçir. “Qafqazda münaqişələrin həlli isə Amerika, Rusiya, Türkiyə və Avropa Birliyinin maraqlarının bir araya gəlməsindən keçir”, - deyə o qeyd edib.