Accessibility links

İran və Azərbaycan iki qaz sazişi imzalayıb


Dünən Tehranda Azərbaycan Dövlət Neft Şirkəti ilə İran Milli Qaz İxrac Şirkəti arasında iki sənəd imzalanmışdır. Məxfilik haqqında sazişə əsasən tərəflər saziş imzalandığı tarixdən iki həftə ərzində Azərbaycanın İrana beş il ərzində və gələcəkdə uzadılması mümkünlüyü nəzərdə tutulan təbii qazın satışına dair danışıqlara başlayır. İkinci sənəd isə əsasən 2010-cu il qış mövsümündə Azərbaycan İrana ölkənin şimal bölgələrində istifadə üçün təbii qaz satacaq. Hər iki sənədi İran tərəfindən Milli Qaz İxrac Şirkətinin Baş meneceri S.Kasaeizadeh Azərbaycan tərəfindən isə Dövlət Neft Şirkətinin vitse-Prezidenti E.Nəsirov imzalayıb. Bu barədə Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatda həmçinin dünən Tehranda səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İran prezidenti MahmudƏhmədinejad tərəfindən qəbul edildiyi bildirilir.
Görüşdə iki ölkə arasında mövcud sıx əməkdaşlıq məsələlərinə toxunulub və əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyi müsbət hal kimi qeyd edilib. Cənab Məmmədyarov Ermənistan – Azərbaycan münaqişəsi ətrafında aparılan danışıqlar prosesi barədə İran prezidentinə məlumat verib, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini dəstəklədiyinə görə İran tərəfinə minnətdarlığını ifadə edib.
İran prezidenti iki ölkə arasında əməkdaşlığın sıx və dərin tarixi köklərə söykəndiyini qeyd edib, Azərbaycanın İrana beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə minnətdarlığını bildirib. “Bu əsl qardaşlıq nümunəsinin göstəricisidir”.
İranın regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu bildirən İran prezidenti Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həll edilməsini arzulayıb.

XS
SM
MD
LG