Misir prezidenti Hüsnü Mübarək Türkiyəyə iki günlük səfərini başa vurub. Türkiyədə o, həmkarı Abdulla Gül və başqa ali rəsmilərlə görüşüb. Prezidentlər arasında danışıqların əsas mövzusu Yaxın Şərq sülh səyləri olub. Ankarada birgə mətbuat konfransında danışan cənab Mübarək deyib ki, onlar Misrin Fələstin birliyini önə çəkməsi səylərini müzakirə ediblər. Onun sözlərinə görə, dövlət başçıları habelə paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin yaradılmasını dəyərləndiriblər. Cənab Gül Türkiyə ilə Misir arasında ticari əlaqələrin sürətlə artdığını bildirib. Bu arada Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu da misirli həmkarı Əhməd Əbül Qaitlə görüşərək Yaxın Şərq sülh prosesi də daxil olmaqla bir sıra regional məsələləri müzakirə edib.