Accessibility links

Azərbaycan xarici işlər naziri Türkiyə prezidenti ilə danışıqlar aparıb


Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə prezidenti Addulla Gül və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşlər keçirib.
Azəri-Press Agentliyinin məlumatına görə, görüşlərdə bölgədəki durum və Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunub.
Cənab Gül Türkiyənin münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun səylərini gücləndirməsini istədiyini və son vaxtlar bu istiqamətdə fəallığın artmasını məmnunluqla qarşıladıqlarını deyib.
Prezident Gül Türkiyənin bölgədə sülh və inkişafın tərəfdarı olduğunu vurğulayıb və hər zaman Azərbaycanın yanında olacaqlarını söyləyib. Azərbaycan tərəfi də Türkiyənin mövqeyindən razılığını ifadə edib və Ankaranın bölgədə öz fəallığını daha da artırmasını istəyib.
Bununla yanaşı, Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvinə dair protokolun imzalanması baş tutmayıb. Azərbaycan xarici işlər naziri protokolun imzalanmasının nəzərdə tutulduğunu, lakin bəzi bürokratik problemlər ucbatından bunun hələlik mümkün olmadığını deyib: “Bu məsələ ilə bağlı Türkiyə tərəfindən hər şey hazırdır. Lakin Azərbaycanın bəzi prosedurları keçməsi lazımdır. Bu prosedurlar başa çatandan sonra viza rejiminin ləğvinə dair protokol imzalanacaq”.
Politoloq Rasim Musabəyov “Amerikanın səsi” radiosuna müsahibəsində qarşılıqlı səfərləri vacib saydığını bildirib. Onun fikrincə. Türkiyə baş naziri Amerikada Ermənistan-Azərbaycan münaqişəsi və bölgədəki durumla bağlı ciddi müzakirələr aparıb. “Bu müzakirələrlə bağlı Azərbaycan məlumatlandırılıb. Azərbaycanlı nazirin səfərinin əsas məqsədi budur”.

XS
SM
MD
LG