Accessibility links

Penitensiar xidmət Eynulla Fətullayevdən narkotik tapıldığını deyir


Dünən axşam “Gündəlik Azərbaycan” qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparılıb və cənab Fətullayevin gödəkcəsinin qolundan guya 0,22 qram heroin aşkarlanıb. Bu barədə “Amerikanın səsi” radiosuna jurnalistin atası Emin Fətullayev bildirib.
Ədliyyə nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov Eynulla Fətullayevin saxlandığı kamerada yoxlama aparıldığını təsdiq edib. O bildirib ki, yoxlama aparanlar beş məhbusdan şübhələnib və yoxlama zamanı Eynulla Fətullayevin gödəkcəsinin qolunun astarında və ayaqqabısında narkotik aşkarlanıb.
Eynulla Fətullayev 2007-ci ilin yazında təhqir etmə ittihamı ilə 2 il həbs cəzasına məhkum edilib. Həmin ilin payızında o, terrorla hədələmə və vergidən yayınmaqda təqsirli bilinərək yenidən səkkiz il yarım müddətində azadlıqdan məhrum edilib. Beynəlxalq ictimaiyyət cənab Fətullayevi vicdan məhbusu kimi tanıyır. Bir çox ölkələrin hökumətləri, çoxsaylı beynəlxalq təşkilatlar və jurnalist təşkilatları baş redaktorun azadlığa buraxılmasını tələb edir. Eyni zamanda, Eynulla Fətullayevin işi Avropa İnsan Haqları məhkəməsində baxılma ərəfəsindədir.
Baş redaktorun atası oğlunun narkotiklə əlaqəli olmadığını bildirib və Avropa Məhkəməsində işin uzadılması üçün narkotik maddənin qəsdən onun paltarına qoyulduğunu deyib.
Baş redaktorun işinə Avropa Məhkəməsində gələn il yanvarın sonlarında baxılacaq. Emin Fətullayev hesab edir ki, Avropa İnsan Haqları məhkəməsi oğlunun həbsinin qanunsuz olduğunu təsdiq edəcək. Hakimiyyət bunun qarşısını almaq üçün belə qurama iş görüb.
Vətəndaş cəmiyyətinin təmsilçiləri jurnalistə qarşı edilən hərəkətlə bağlı bu gün toplantı keçirib və bunu qəti pisləyib. Hüquq müdafiəçisi Səidə Qocamanlı cənab Fətullayevin həbsxana divarları arasında narkotiklə suçlanmasını biabırçılıq adlandırıb. Onun fikrincə, hakimiyyətin məqsədi baş redaktoru yenidən istintaq təcridxanasına qaytarmaqdır.
“Azadlıq” qəzetinin satirik - yazarı Mirzə Sakit bu il həbsdən azadlığa çıxıb. Jurnalist narkotik vasitələrin qanunsuz daşınması ittihamı ilə 3 il həbsdə olub. O həbsxanada məhbusun üzərinə narkotikin qoyulmasının hər an mümkün olduğunu deyir. Belə ki, dustaqlar yatandan sonra həbsxana işçiləri və ya dustaqlardan rəhbərliyə işləyənlər bu işi görə bilər. Amma o güman edir ki, Eynulla Fətullayevin üzərinə narkotik qoyulması tapşırığı yüksək səviyyədə verilib və iş çox məxfi həyata keçirilib.



XS
SM
MD
LG