Accessibility links

Azərbaycan və İran qaz müqaviləsi imzalayıb


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə İran Milli Qaz İxrac Şirkəti (NIGEC) arasında Azərbaycan qazının alqı - satqısı barədə müqavilə imzalanıb. Müqaviləni ARDNŞ prezidenti Rövnəq Abdullayev və NIGEC icraçı direktoru Seyid Rza Kesaizadə imzalayıb.
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, müqavilə Azərbaycan qazının İrana qısamüddətli nəqlini nəzərdə tutur. Yəni İrana 1 aprel 2010-cu ilədək 100 mln kubmetr - sutkada 1,2 mln kubmetr qaz veriləcək.
Cənab Abdullayev hesab edir ki, tərəflər Azərbaycan qazının İrana tədarükü barədə uzunmüddətli müqavilə imzalanması üçün danışıqları davam etdirəcək. "Düşünürəm ki, bu ilin yayı üçün danışıqları bitirib ildə 1,5 mlrd kubmetr qaz tədarükü barədə kommersiya sazişi imzalayacağıq. ARDNŞ bu ilin payızında Hacıqabul-Astara magistral qaz kəmərinin yenidənqurmasını başa çatdıracaq, Astara qaz kompressor stansiyasını tam modernləşdirəcək və infrastrukturun buraxılış qabiliyyətini sutkada 5 mln kubmetrə çatdıracaq”.
ARDNŞ-in neft-qaz əməliyyatları idarəsinin rəisi Kamal Abbasov məlumat verib ki, indiki infrastruktur İran istiqamətində sutkada 2,2 mln kubmetr qaz nəqlinə imkan verir. "Bu həcmdən 1,2 mln kubmetr Azərbaycanın qısamüddətli müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi, 1 mln kubmetr swap-müqavilə üzrə Naxçıvana qaz təchizatı üçün nəzərdə tutulub".
Jurnalistlərin "Tehran gələcəkdə idxalı hansı həcmə qədər artırmaq istəyir?", sualının cavabında İran Milli Qaz İxrac Şirkətinin icraçı direktoru cənab Kesaizadə deyib ki, artıq neçə ildir, iki ölkə arasında qaz əməkdaşlığı davam edir. Onun sözlərinə görə, qış vaxtı İranın şimal rayonlarında qaza ehtiyac artır, ona görə idxal zərurəti yaranır. “Düşünürəm ki, qaz ticarəti münasibətləri inkişaf edəcək və İran Azərbaycanın verə biləcəyi qədər qaz alacaq".
ARDNŞ vitse-prezidenti Elşad Nəsirov isə deyib ki, İranla uzunmüddətli müqavilədə nəzərdə tutulan qaz həcminin "Şahdəniz" yatağından "Mərhələ 2" layihəsi çərçivəsində çıxarılacaq qaza dəxli yoxdur. "ARDNŞ öz qaz proqramını yerinə yetirir və öz resurslarına güvənir", - deyə o qeyd edib.
Müstəqil ekspertlər Azərbaycan qazının İrana satılmasının perspektivlərini müsbət qiymətləndirir. Bu, həm iki ölkə arasında münasibətlərin liberallaşmasına, həm xalqlar arasında əlaqələrin genişlənməsinə, həm də kommersiya əlaqələrinin perspektivinə müsbət təsir edəcək.“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban hazırda bağlanmış müqavilənin həcminin çox az olduğunu deyir. “Bu Naxçıvanın qaz təchizatına bərabərdir”.
Ekspert Azərbaycanla İran arasında danışıqları aparılan ikinci müqaviləni kifayət qədər tutumlu hesab edir. “Bu müqavilədə nəzərdə tutulan həcm Azərbaycanın Rusiya və Gürcüstana satdığı qazdan çoxdur”.
Cənab Şaban İrana satılacaq qazın Nabucco layihəsinə dəxli olmadığını bildirib. “Bu ARDŞN - nin ehtiyatları hesabına ödəniləcək. Azərbaycan qazının alqı - satqısı Nabucco-nun elan ediləcəyi şərtlərindən daha çox asılı olacaq”.
Xatırladaq ki, İranla əməkdaşlığın genişləndirilməsi çərçivəsində 2009-cu ilin sentyabrından Tehranda ARDNŞ-nin nümayəndəliyi fəaliyyət göstərir. ARDNŞ qazla yanaşı, İrana avtomobil benzini də ixrac edir.

XS
SM
MD
LG