BMT-nin Haiti üzrə xüsusi elçisi, sabiq ABŞ prezidenti Bill Klinton deyir ki, Haitidə baş verən zəlzələ Amerika qitəsinin tarixində baş verən ən fəlakətli hadisələrdən biridir. Washington Post qəzetində məqalə ilə çıxış edən cənab Klinton Haitidə ərzağa, suya, sığınacağa və dərman ləvazimatlarına ehtiyac olduğunu bildirib. Hazırkı fövqəladə hal sona yetdikdən sonra görülməli bərpa və yenidən qurma işləri qalacaq, deyə Klinton bildirir. ABŞ prezidenti Barak Obama Haitiyə humanitar yardım göstəmrək üçün ABŞ-ın tam imkanlarından istifadə etməyə söz verib. Dünən Haitiyə amerikalı xilasetmə dəstələri göndərilib.