Accessibility links

ABŞ prezidenti Çin hökumətindən internet hücumları ilə bağlı izahat istəyir


ABŞ prezidenti Barak Obama Amerikada qərargahlanan internet nəhəngi Google-un Çinə qarşı haker hücumları üzrə ittihamlarından narahat olduğunu deyir. Ağ Evin sözçüsünün müavini Bill Burton müxbirlərə deyib ki, Obama administrasiyası Google-a qarşı hücumlar və çinli dissidentlərin email hesablarını izləmələrlə bağlı Çindən izahat gözləyir. Çin Birləşmiş Ştatların rəsmi Pekinin internetə qoyduğu qadağaları tənqid etməsini pisləyərək bunun ikitərəfli münasibətlərə mənfi təsir göstərə biləcəyini deyib. Cümə günü Çinin xarici işlər nazirliyinin internet səhifəsində qoyulan bəyanatda deyilir ki, Vaşinqton internet azadlıqları adlanan anlayışdan Pekinə qarşı əsassız ittihamlar irəli sürmək üçün istifadə edir. ABŞ Dövlət Katibi Hillari Klinton dünən internet azadlıqlarına dair geniş məruzə ilə çıxış edərək Çini və başqa avtoritar hökumətləri vətəndaşların internetə çıxışını sərbəstləşdirməyə çağırdı. Klinton bildirdi ki, bu növ qadağalar insanların hökumətdən qorxmadan fikirlərini sərbəst ifadə etmək hüququnu pozur.
XS
SM
MD
LG