Bu gün Soçidə, Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarkisyanın birgə görüşü olub.
Sonra görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın iştirakı ilə davam edib. Danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə olunub
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə sənədlə bağlı təkliflərini hazırlayacaq. “Sənədin preambulası artıq razılaşdırılıb. Preambula üzrə ümumi anlayış var”,- deyə o qeyd edib.
Rusiya xarici işlər nazirinin dediyinə görə, sənədin hələ razılaşdırmadığımız müəyyən hissələri var. “Tərəflər bu hissələr üzrə öz konkret ideyalarını, öz şərhlərini hazırlayacaqlar və onlar mətnə daxil ediləcək”.
Azərbaycanda Rusiya xarici işlər nazirinin bəyanatı müsbət qarşılanmayıb. Politoloqlar hesab edir ki, əslində Soçi görüşündə hər hansı irəliləyiş əldə edilməyib.
Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq Dövlət müşaviri Vəfa Quluzadə Rusiya xarici işlər nazirinin münaqişənin həllində irəliləyiş olması barədə bəyanatını imitasiya hesab edir. “Rusiya münaqişənin həllində maraqlı deyil, yalnız imitasiya xatirinə məsələnin həllində maraqlı olduğunu nümayiş etdirmək istəyir”.
Prezident Administrasiyasının katibliyinin keçmiş rəhbəri Eldar Namazov da sənədin preambula hissəsinin razılaşdırılması ilə bağlı bəyanatı qeyri-ciddi sayır. “Çünki preambula əslində sənəd demək deyil”.
Azərbaycan Rusiya və Ermənistan prezidentlərinin yekunu ilə bağlı Rusiya xarici işlər nazirinin bəyanatı iqtidarda olan “Yeni Azərbaycan” partiyası tərəfindən müsbət qarşılanıb. Amma, bu partiya da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı hər hansı təklifdən danışmağı yersiz sayır. “Yeni Azərbaycan” partiyasının icra katibinin müavini Mübariz Qurbanlı Rusiyanın münaqişənin həlli prosesində rolunu yüksək qiymətləndirir. Ancaq o tərəflərin verəcəyi təkliflərlə bağlı bəyanatı şübhə ilə qarşılayır.
Müxalifətdə olan siyasi partiyalar isə Rusiya tərəfinin vasitəçiliyi ilə münaqişənin həllində irəliləyiş olacağına qəti əmin deyil. Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli razılaşdırmalar, irəliləyişlərlə bağlı çoxsaylı bəyanatlar verildiyini xatırlayır. “Amma bu gün də həll prosesində irəliləyiş yoxdur və irəliləyişin olmaması Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması ilə bağlıdır”, - deyə o xatırladıb.