Accessibility links

Səfir Armitac: Türkiyə  Ermənistanla münasibətlər məsələsində diqqətli olmalıdır


2001-2005-ci illər arasında Amerika dövlət katibinin müavini olmuş səfir Riçard Armitac yanvarda Türkiyə-Amerika Şurasının rəhbəri qismində fəaliyyətə başlayıb. Amerikanın Səsinin türk xidmətinə müsahibə verən cənab Armitac Türkiyə-ABŞ münasibətləri və Türkiyənin bölgədəki rolundan söz açıb:

Sual: Sizcə Obama admininstrasiyasının birinci ilində Türkiyə-Amerika münasibətləri necə inkişaf etdi? Aydındır ki, bundan əvvəl münasibətlərdə çətinlik yaşanmışdı.

Cavab: Prezident Barak Obamanın hakimiyətinin ilk günlərində Türkiyəyə getməsi və baş nazir Ərdoğanın Vaşinqtona gəlişi yaxşı qarşılandı. Bu yaxşı başlanğıc idi. Ancaq bunu da qəbul etməyimiz gərəkdir: Amerika tərəfi olaraq prezident Obamanın Türkiyəyə ziyarəti əsnasında götürülən öhdəliklərin yerinə yetirilməsi tam başa çatmayıb. Biznes dünyasını aktivləşdirməmiz gərəkdir. Ticari münasibətlərimizin səviyyəsini əsgəri və diplomatik münasibətlərimizin səviyyəsinə çatdırmalıyıq. Yaxşı bir təməl qoymuşuq. Məncə siz dediyiniz köhnə məsələləri artıq keçmişik. Əgər hər iki tərəf birgə çalışsa lazımi mərhələyə çıxarıq. Mən də özümə bunu hədəf götürmüşəm.

Sual: Son illərdə Türkiyənin bölgədə daha fəal xarici siyasət yürütdüyü nəzərə çarpır. Bu Vaşinqtonda necə qarşılanır?

Cavab: Əvvəla Türkiyənin unikal coğrafi mövqeyi var – onun Şərqlə Qərb arasında ideal körpü olmaq potensialı var. Ən azı buna can atılmalıdır. Hökumətin açıqladığı məqsədlər – qonşularla sıfır problem siyasəti hammızın arzuladığı bir nəticədir. Mən bunu Türkiyənin xarici siyasətində dəyişiklik kimi yozmuram Bunu Türkiyənin maraqlarının və nüfuzunun genişlənməsi kimi qiymətləndirirəm. Bu da ümumən məmnunluqla qarşılanır.

Sual: Başqa mühüm məsələ ki, bu Amerikanı da maraqlandırır –Türkiyə ilə Ermənistan arasındakı yaxınlaşmadır. Dağlıq Qarabağ məsələsi və Ermənistan Konstitutsiya Məhkəməsinin son qərarı üzündən bu yaxınlaşmanın pozulmasına görə narahatlıq keçirirsinizmi?

Cavab: Amerika rəhbərliyi bu yaxınlaşmanı çox dəstəkləyir. Türkiyə parlamentinin protokolları ratifikasiya edəcəyinə dair bəzi əndişələrim var. Ermənistanla münasibətlərin inkişafı kiçik məsələ deyil. Ancaq bunu da demək istəyirəm. Əgər bu məsələ Türkiyənin ənənəvi dostu Azərbaycanın zərərinə olacaqsa Türkiyə burada diqqətli olmalıdır. Azərbaycandakı dostlarımızda bu məsələnin sürətlə inkişaf etməsinin çaşqınlığa səbəb olduğunu bilirəm. Şəxsən Bakıdakı dostlarımızın bu məsələ barədə kifayət qədər məlumatlandırılmadıqlarını düşünürəm. Zənnimcə bu baxımdan Azərbaycanla əlaqələrin nizama salınması lazımdır.

Sual: Amerikdakı erməni təşkilatlarının 1915-ci il Aprel olaylarını soyqırım kimi tanınmasına çalışmasından narahatlıq keçirirsinizmi?

Cavab: Bəli, bir az qayğılıyam. Ələlxüsus Kaliforniya ştatının cənubundakı erməni diasporası siyasi baxımdan çox güclüdür. Bu Amerikada siyasi reallıqdır. Soyqırım məsələsinin yenidən gündəmə gətirilməsindən narahatam. Amma ümid edirəm ki, erməni diasporası uzaqgörənlik sərgilyərək türk hökumətinin çox çətin bir işin öhdəsindən gələ bilmək üçün çalışdığını dəyərləndirəcək və türk hökumətinə nəfəs yeri verəcək.

Sual: Son olaraq, səfir Armitac, siz Türk Amerika Şurasının yeni rəhbəri oldunuz. Gözləntiləriniz ,prioritetləriniz nədir? Bu yeni dönəmə necə baxırsınız?

Cavab: İlk öncə münasibətlərə zərər vurmamağı hədəf almışam. Apreldə illik konfransımız keçiriləcək. İyunda isə enerji konfransı təşkil edəcəyik. Mən türk sənayesini Amerika iqtisadiyyatında mərkəzi rola yüksəltmək istəyirəm. Bundan əlavə Amerika sənayesinin Türkiyədəki fəaliyyətini genişləndirmək istəyirəm. Tibbi və səhiyyə sahələri kimi. Silah sənayeləri arasında yaxşı münasibətlər var. Bunu genişləndirmək istəyirəm. Həm biz Türkiyədəki insan resurslarından yararlana bilərik, həm də Türkiyə Amerikadakı insan resurslarından yararlansın.

XS
SM
MD
LG