Haiti zəlzələ qurbanlarını Birləşmiş Ştatlara gətirən
ABŞ-ın hərbi uçuşları bu gün bərpa olunub. Tibbi evakuasiya uçuşları keçən
həftə xəstələrin hara köçürülməsi və onların səhiyyə xərclərinin kim tərəfindən
ödənməsinə dair mübahisələr səbəbilə təxirə salınmışdı. Ağ Ev sözçüsü Tommi
Vietor deyib ki, Ağ Ev Birləşmiş Ştatların və beynəlxalq tərəfdaşların yaralı
haitililərə yardım göstərmək üçün yetərli tibbi ləvazimata malik olmasına dair təminat
əldə edib. Dünən yardım işçiləri ağır vəziyyətdə olan 3 uşağı özəl təyyarə ilə
paytaxt Port-o-Prinsdən ABŞ-ın Filadelfiya şəhərindəki uşaq xəstəxanasına
gətiriblər.