Berlində, Almaniya kansleri Angela Merkel və Azərbaycan prezidenti İlham Əliyev görüşlərinin nəticəsi olaraq bəyanatla çıxış edib.
Xanım Merkel iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, bu sahədə əməkdaşlığı genişləndirmək üçün mövcud olan böyük potensialdan istifadə etməyin zəruriliyini vurğulayıb.
Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran kansler Merkel bildirib ki, “neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır”.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan-Almaniya əlaqələrinin sürətlə inkişaf etdiyini deyib. “Siyasi əlaqələrimiz yüksək səviyyədədir, iqtisadi sahədə əməkdaşlığımız genişlənir. Azərbaycanda 100-ə yaxın Almaniya şirkəti fəaliyyət göstərir. Hazırda müasirləşmə dövrünü yaşayan ölkəmizdə alman texnologiyalarına tələbat vardır. Azərbaycan isə Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazırdır”.
Cənab Əliyev bildirib ki, Azərbaycan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramına qoşulub və bu, ölkəmizdə müxtəlif sahələrdə islahatlar aparmağa imkan verəcək.