Christian Science Monitor qəzeti yazır ki, Ukraynada prezident seçkiləri ölkənin dairəvi irəliləyişini tamamlayır. 2004-cü ildə hər şey Viktor Yanukoviçin seçkilərdə qalib elan edilməsindən sonra başladı. Ukraynalılar küçələrə axışaraq saxta seçki nəticələrinə davamlı qaydada etiraz etməyə başladılar. Onların dinc nümayişləri başqa rəngli inqilablara stimul verməklə qonşu Rusiyanı çalxaladı. Lakin Ukraynanın demokratik liderləri ölkədə əsaslı siyasi və iqtisadi islahatlar aparmaq əvəzinə bir-biri ilə çəkişməyə başladılar. Qlobal iqtisadi tənəzzül fonunda ötən il Ukrayna iqtisadiyyatı 15 faiz kiçildi.
Christian Science Monitor-un müəlliflər heyəti hesab edir ki, bazar gününün seçkiləri vətəndaşların Narıncı İnqilabın iflasa uğradığı qənaətində olduqlarını göstərir. Bununla belə onlar Viktor Yanukoviçin Ukraynanı düzgün kursa yönəldəcyinə əmin deyil. Lakin Ukraynanın Fransa boyda dövlət olması və onun Qərbi Avropa ilə Rusiya arasındakı mühüm coğrafi mövqeyi diktə edir ki, regionda sabitliyin qorunması üçün bu ölkə müvəffəq olmalıdır.
Son illərdə Moksvanın Kiyevlə münasibətlərinin pisləşməsi Avropada qaz böhranına yol açıb. 2008-ci ildə Rusiya Gürcüstan ərazilərini zəbt edəndə Qərb paytaxtlarında Rusiyanın Krım yarımadasını ilhaq edəcəyi ilə bağlı narahatlıqlar meydana çıxdı. Bu baxımdan Yanukoviçin Rusiya ilə isti münasibətləri bu narahatlıqları qismən də olsa azaldır.
Lakin Ukraynanın gələcək liderinin 46 milyonluq əhalisi olan, amma içəridən bölünmüş ölkəni bir araya gətirərək Qərblə Şərq arasında körpü yaradacağı sual altındadır. Yanukoviçin doğma yurdu olan Şərqi Ukraynaq əhalisinin əksər hissəsi əsasən rusdillidir və sənayeləşib. Qərbi Uklraynada isə kənd təssərüfatı iqtisadiyyatın özəyini təşkil edir və insanların əksəriyyəti Qərb təmayüllüdür. Belə olan halda Christian Science Monitor-un redaksiya heyəti Yanukoviçi qarşıda çətin balanslaşdırma aktının gözlədiyini bildirir.
Washington Post-un yazarı Anne Applemabum da Ukraynanın gələcəyi ilə bağlı eyni narahatlıqları bölüşür. Ukraynada inqilabın hələlik təxirə salındığını deyən Applebaum bu ölkədə cərəyan edənlərin bir çox inqilabların ardınca baş verən əks-inqilabları xatırlatdığını yazır. Yanukoviçin bir vaxtlar oğurluq və xuliqanlıq maddələri ilə məhbəsdə yatdığını və beş il bundan öncə Rusiyanın açıq dəstəklədiyi namizəd olduğunu xatırladan müəllif indi bir çox şeyin dəyişdiyini bildirir. Onun sözlərinə görə Narıncı İnqilabın bir çox vədləri boşa çıxdı. Ölkənin qərbi ilə şərqi arasında gərginliklər əvvəlki kimi yüksək olaraq qalır. İqtisadiyyat ağır tənəzzülə məruz qalıb. Siyasi liderlər isə bir biri ilə çəkişməkdə davam edirlər.
Bununla belə Ukraynada sabit qalan bir faktor demokratik prosesin davamlılığı olub. Qonşu Rusiyadan fərqli olaraq Ukraynada demokratik standardlara və insan haqlarına normal qaydada riayət olunub. Məhz bunun nəticəsi olaraq son illərdə Rusiyadan Ukraynaya müstəqil jurnalist axını baş verib. “Rusiya ilə Ukrayna arasındakı fərqi qəbiristanlılqla dəlixana arasındakı fərq kimi səciyyələndirmək olar, deyə bir rus jurnalist bu yaxınlarda Nyu York Times qəzetinə bildirib. Təbiidir ki, Ukraynada mövcyd olan demokratiyadan əsasən bir qüvvə yararlanıb: Viktor Yanukoviç! Ukrayna xalqı məntiqsiz deyil. İnsanlar anlayır ki, demokratiyanın başlıca dəyəri sevilməyən liderlərin vəzifədən kənarlaşdırılması anlamına gəlir. Odur ki, Yanukoviç ölkədə keçirilən son iki parlament seçkisində və prezident seçkilərində qabağa gedib.
Müəlifin fikrincə başlıca sınaq bundan sonra baş verəcək. Görəsən Yanukoviç onu seçən isanların rəyinə hörmət edərək demokratik seçkilərin gələcəkdə də keçiriləməsinə imkan verəcəkmi? Bunun meyarı sadədir. Əgər Yanukoviç də başqa siyasi liderlər kimi nə vaxtsa ofisdən kənara atılsa onda demək Narıncı İnqilabın ruhu yaşayır. Əgər o, qonşu Rusiyada olduğu kimi vəzifə müddətini seçkiləri saxtalaşdırmaqla, jurnalistləri qətlə yetirməklə uzatmağa çalışsa onda bilinəcək ki, hakimiyyətə əks-inqilab gəlib. Ukrayna xalqının iradəsini təmsil etməkdə davam edərsə, Yanukoviçin NATO və ya Ukraynanın xarici siyasəti ilə bağlı başqa yerdə qalan qərarları elə bir əhəmiyyət kəsb etməyəcək.