Ötən həftə ABŞ-da işsizlik müavinəti üçün qeydiyyatdan keçən adamların sayı 10 faiz azalıb. Bu, rəqəm son ay ərzində ən aşağı göstəricidir. Əmək Nazirliyinin bu gün açıqladığı hesabatda deyilir ki, işsizlik müavinəti alan amerikalıların sayı 43,000 azalaraq 440,000-ə düşüb. Başqa xəbərlərdə deyilir ki, son iki il ərzində hər ay ABŞ iqtisadiyyatı minlərlə iş yeri itirib. Ağ Evin iqtisadçı rəsmiləri deyir ki, ölkə iqtisadiyyatı bu il aylıq 95,000 iş yeri yaradacaq. Lakin hesabatın müəllifləri bu inkişafların ABŞ-da işsizlik səviyyəsini 9.7 faizdən aşağı salacağına inanmır. İqtisadçılar bunu onunla əsaslandırırlar ki, iş axtarmağı dayandırmış adamlar yenidən iş axtarışına başlayacaqlar. Belə ki, ABŞ statistikləri “işsiz” deyəndə işini itirmiş, lakin fəal şəkildə iş axtaran adamları nəzərdə tuturlar. İşsizlik səviyyəsinin ləng enməsinə başqa səbəb əməkçi qüvvənin davamlı qaydada artmasıdır.