Azərbaycanda tanınmış jurnalist Şahvələd Çobanoğlu və ANTV-online Gerd Buserius adına “Şərqi Avropada azad mətbuat” mükafatına layiq görülüb. Bu barədə Turan agentliyinə fondun nümayəndəsi Hamman Frauke bildirib.
“Şahvələd Çobanoğluna 10 000 avro təqdim edilir. Çobanoğlu müxalif qəzetlərdə tənqidi yazılar və ifşaedici məqalələr dərc edən jurnalist hesab olunur. Onu ciddilik, peşəkarlıq və istehza səciyyələndirir”.
“ANTV Onlayn”a 10 000 avro təqdim edilir. Azərbaycanda bu yeganə müstəqil İnternet-telekanal dövlət televiziyası ilə görmək mümkün olmayan verilişlər nümayiş etdirir. Bu İnternet-resurs real Azərbaycanı nümayiş etdirir”, - deyə fondun məlumatında deyilir.
ANTV yaradıcılarından biri Adnan Hacızadə hazırda həbsədədir. Onun atası Hikmıət Hacızadə dəstəyə görə beynəlxalq ictimaiyyətə minnətdarlığını bildirib. “Şadam ki, demokratik ictimaiyyət gənclərimizin səylərini görür və qiymətləndirir”.
Fondun məlumatına görə, Rusiyadan Mixail Beketov - “Ximkinskaya pravda” qəzetinin baş redaktoru da mükafata layiq görülüb (10 000 avro). 2008-ci ildə o, möhkəm döyülüb və hazırda işləyə bilmir. Beketov Moskva və Sankt Peterburq arasında avtostrada tikilməsi üçün qırılması nəzərdə tutulan Ximkin meşəsinin saxlanmasını dəstəkləyirdi.
Arsenyeva şəhərindən “Arsenyevskie vesti” qəzetinə 15 000 avro təqdim edilir. Bu həftəlik qəzetin müxbirləri korrupsiya və qaçaqmalçılığı ifşa edir.
Belorusun “Borisovskie novosti” qəzeti 15 000 avro alacaq. Bu qəzet hakimiyyət tərəfindən təqiblərə və məhdudiyyətlərə baxmayaraq, tənqidi və müstəqil materiallar dərc edir.
Növbəti laureat Tbilisinin “Liberali” jurnalıdır. Jurnal 10 000 avro alacaq. Qısa vaxt ərzində bu jurnal Gürcüstanın ən məşhur nəşrlərindən birinə çevrilib.
İlin sonuncu laureatı Yerevandan jurnalist Edik Baqdasaryandır. O, “Hetk” qəzetinin redaktorudur və 10 000 avro alacaq. Baqdasaryan iqtisadiyyatda korrupsiyanı və siyasi problemləri araşdırır.
Laureatların təltif edilməsi mərasimi 19 may 2010-cu ildə Hamburq şəhərində keçiriləcək.
2000-ci ildən “Zite-Ştivtunq” fondu Gerd Buserius adına həvəsləndirici mükafatları şərqi Avropanın keçid dövrü yaşayan ölkələrinin mətbuat, söz azadlığı və liberal vətəndaş cəmiyyəti uğrunda mübarizə aparan jurnalistlərinə təqdim edir.
2004-cü ildən fond bu mükafatı Norveçin “Azad söz” fondu ilə birgə təqdim edir.
<!-- IMAGE -->