Accessibility links

Azərbaycan hökumətinin hesabatını müxalifət tənqid edib


Azərbaycan hökumətinin hesabatını müxalifət tənqid edib
Azərbaycan hökumətinin hesabatını müxalifət tənqid edib

<!-- IMAGE -->

Azərbaycan hökuməti parlament qarşısında hesabat verib. Deputatlar hesabatı 100 səs lehinə, 8 səs əleyhinə olmaqla qəbul edib.
Milli Məclisin sədri Oqtay Əsədov iqtisadiyyatın sürətlə inkişaf etdiyini, investisiya qoyuluşunun artdığını bildirib. Onun fikrincə, hökumətin səmərəli fəaliyyəti nəticəsində Azərbaycanda iqtisadi böhran hiss edilməyib.
Baş nazir Artur Rasizadə də 2009-cu ili iqtisadiyyatın uğurlu ili adlandırıb. Onun dediyinə görə, ötən il Azərbaycanda ümumi daxili məhsul 9,3% artaraq 34 mlrd. manat, orta aylıq əmək haqqı 6,8% artaraq 298 manat, orta aylıq əmək pensiyası 104 manat təşkil edib. Ölkə üzrə 654 min nəfərə ünvanlı sosial yardım verilib. Yoxsulluğun səviyyəsi 2 faiz azalaraq 11%-ə enib, respublikada 75 minə yaxın yeni iş yeri açılıb.
Baş nazirin bildirib ki, ötən il dövlət büdcəsinin gəlirləri 10,3 mlrd. manat, xərcləri isə 10,6 mlrd

<!-- IMAGE -->

. manat olub. Ötən il 2100 sahibkara dövlət büdcəsindən güzəştli kreditlər verilib. İl ərzində 50 mln. ton neft hasil olunub, sənayedə məhsul istehsalının artımı 8,6% təşkil edib.
Müzakirələrdə iqtidar partiyasının üzvü və müstəqil deputatlar hökumətin hesabatını dəstəkləyib. Müxalifəti təmsil edən deputatlar isə hesabatı qeyri-qənaətbəxş kimi xarakterizə edib.
“Böyük Quruluş” partiyasının sədri Fazil Qəzənfəroğlu ölkəyə idxal edilən məhsulların keyfiyyətinin aşağı olduğunu diqqətə çatdırıb. Onun fikrincə, ümumilikdə idxal məhsullarının keyfiyyətinə nəzarət sistemi yaradılmalıdır.
“Bütöv Azərbaycan Xalq Cəbhəsi” partiyasının sədri Qüdrət Həsənquliyev hökumətin iqtisadi böhranın Azərbaycana təsir etməməsi barədə bəyanatını şübhə altına alıb. Onun dediyinə görə, hökumət hətta prezidentin tapşırığını belə yerinə yetirməyib.
“Müsavat” deputat qrupunu təmsil edən Pənah Hüseyn hesab edir ki, hesabatdakı bütün rəqəmlər şişirdilib.
Deputat eyni zamanda, hökumətdən sual edib. “Əgər iqtisadi artım varsa xarici ticarət dövriyyəsində və ixracatda azalma niyə baş verib? “
Cənab Hüseyn Azərbaycan hökumətini dünyada ən korrupsioner hökumət adlandırıb. O ölkə prezidentini “Vaşinqton Post” qəzetində onun ailə üzvlərinin adına olan Dubaydakı mülklərlə bağlı yayılan məlumatlara aydınlıq gətirməyə çağırıb.
Milli Məclisin sədri Oqtay Əsədov Pənah Hüseynə cavabda prezidentin ailə üzvləri ilə bağlı məlumatları “şər” adlandırıb. Spikerin çıxışı parlament çoxluğu tərəfindən alqışla qarşılanıb.


XS
SM
MD
LG