Pakistanla Hindistan Cənubi Asiyada yavaş gedən sülh prosesini sürətləndirmək məqsədi ilə öz aralarında olan dəmir yolunu bərpa etmək razılığına gəlmişlər. Dəmir yolunun çəkilişinə gələn ay başlanacaq.
Birinci dəfə dəmir yolu 1965-ci ildə, Pakistanla Hindistan arasında ikinci dəfə müharibə başlayarkən bağlanmışdı. Hər iki ölkənin dəmir yolu rəsmiləri danışıqların iki gün davam etdiyini və bu razılığa bu gün gəlindiyini bildirmişlər. Thar Express adlanan qatarın Hindistanın Racastan ştatının Monnabao stansiyasından Pakistanın cənub vilayəti Sindin Xoxrapar stansiyasına gedəcəyi bildirilib.
Qeyd edək ki, Pakistanla Hindistan sərhəddə olan gərginliyi və aralarında olan digər məsələləri həll etmək üçün danışıqlara hələ iki il əvvəl başlamışdılar. Danışıqlar zamanı mədəni və nəqliyyat məsələləri də daxil edilməklə diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəlinmişdi. Bu kiçik razılıq hər iki Kəşmirdə yaşayan, bir-birindən ayrı düşmüş ailələrin əlaqəsinə imkan yaratmışdır. Onlar eləcə də, belə əlaqələrin gələcəkdə keçiriləcək danışıqlara kömək edəcəyini deyirlər.